Azərbaycan və Gürcüstanın şahmat milliləri üz-üzə gələcəklər

Azərbaycan və Gürcüstanın şahmat milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

Funksioner yığmanın şahmat olimpiadasına hazırlaşdığını və bu səbəbdən 5 əsas oyunçunun Azərbaycan çempionatına qatılmadığını deyib: "Azərbaycanda şahmata böyük dövlət dəstəyi var. Qadın şahmatçılarımız son dövrlərdə yaxşı nəticələr qazanırlar. Hədəfimiz 2025-ci ildən başlayaraq, bütün güclü şahmatçıların ölkə çempionatında iştirakını təmin etməkdir. Buna mütləq nail olacağıq. Xüsusi proqram və təqvim hazırlanmalıdır".

M.Məmmədov budəfəki ölkə çempionatının maraqlı keçdiyini vurğulayıb: "Çempion olan Ayan Allahverdiyeva 2023-cü ili uğurla başa vurmuşdu. 18 yaşlılar arasında dünya çempionu olmuşdu. Son məqamda çempionata qatılmağa qərar verdi. Son ana kimi qalibin adına aydınlıq gəlməmişdi. Onun indiki uğurlarının təsadüf olmadığı hiss edilir. Azərbaycan Şahmat Federasiyası milli çempionata xüsusi önəm verir".

Federasiya rəhbəri İddiaçılar Turnirinə qatılacaq Nicat Abasovun hazırda Bakıda təlim-məşq toplanışında olduğunu sözlərinə əlavə edib: "Onunla işləyən komandanın üzvlərini açıqlaya bilmərik. Hazırlıq gedir. Nicata dövlət və federasiya tərəfindən dəstək var. Bu, vacib turnirdir. Şahmatçımıza uğurlar arzulayırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı