Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.
Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
10:47
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.
"Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər", - deyə paylaşımda bildirilib.