Azərbaycan banklarının ƏSF-ə ödənilən sığorta haqlarının həcmi açıqlandı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) iştirakçı banklardan topladığı sığorta haqları 2021-ci ildəki 49,754 milyon manatdan 2022-ci ilin sonuna 64,289 milyon manata çatıb.

Metbuat.az ƏSF-in maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci il ərzində sığorta haqları 14,534 milyon manat və ya 29 % artıb.

2020-ci ilin sonuna bu göstərici 33,288 milyon manat təşkil edib.

Xatırladaq ki, iştirakçı banklar ƏSF-in reyestrinə daxil olarkən birdəfəlik üzvlük haqları ödəyir, sonra isə təqvim haqlarının ödənişini həyata keçirirlər.

Təqvim haqları iştirakçı bankların fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 %-i, 2008-ci ilin III rübündən etibarən isə 0,125 %-i həcmində, əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda isə bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Təqvim haqları bankın fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. ƏSF-in sığorta ehtiyatları qorunan əmanətlərin 5 %-inə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR