Sülhməramlılar Qarabağdan nə vaxt gedəcək? - AÇIQLAMA

"2020-ci il noyabrın 10-da imzalanmış müqavilənin şərtləri əsasən yerinə yetirilib. Tələbləri yerinə yetirməyən Ermənistan tərəfidir. Amma Rusiya hələlik öz öhdəliklərinə əməl edir. O cümlədən sülhməramlıların regiondan çıxarılması ilə bağlı öhdəliyinə də inanırıq ki, əməl edəcək. Vaxta az qalıb, təxminən 1 ildən sonra bu proses başlamalıdır. Ruslar çalışırlar ki, nəyin bahasına olursa-olsun, regionda qalsınlar. Hərbi kontingentləri burada qalsın. Bunun üçün artıq Azərbaycan tərəfinə rəsmi və qeyri-rəsmi müraciət ediblər".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasına dair rəsmi İrəvan artıq sərt mövqe qoyub:

"Təbii ki, Ermənistan öz gücünə Rusiya hərbi bazasını oradan çıxara bilməz. Burada Qərbin təzyiqi var. ABŞ başda olmaqla Avropanın aparıcı dövlətləri çalışırlar ki, Rusiyanı Ermənistandan çıxarsınlar. Belə bir şəraitdə təbii ki, Rusiya asanlıqla Ermənistandan çıxmağa razılaşmayacaq. Eyni zamanda Rusiya Ermənistandan çıxarsa nəyin bahasına olursa-olsun, Azərbaycanda qalmağa çalışacaq".

Akif Nağı qeyd edib ki, Azərbaycan ehtiyatlı və mövcud vəziyyəti düzgün qiymətləndirərək addım atır:

"Azərbaycanın mövqeyi ortadadır ki, Rusiya sülhməramlıları çıxmalıdır. Artıq sülhməramlıların regionda qalmasına ehtiyac yoxdur. Rus hərbiçiləri əlavə gərginlik mənbəyi kimi qalır. Ona görə də, çıxmalıdır. Azərbaycan öz hədəfinə çatmaq üçün mütləq addımlar atacaq. Artıq bu ildən proses başlayacaq.

Regionda artıq mövqelər də dəyişə bilər. Qərbin Ermənistanda mövcudluğu xeyli arta bilər. Türkiyə regionda möhkəmlənmək üçün müəyyən addımlar atır. Azərbaycan və Türkiyənin regionda situasiyanı öz xeyrinə dəyişmək üçün bir yerdə planları var. Rusiya da Azərbaycan və Türkiyənin mövqeyi ilə hesablaşacaq. Ola bilər ki, vaxtındanda bir az əvvvəl Rusiya Azərbaycan torpaqlarını tərk etsin. Bu həm Azərbaycanın maraqları ilə bağlıdır, həm də sülhməramlıların regionda qalması mümkün deyil. Buna ehtiyac da yoxdur. Çünki, Azərbaycan özü sərhədlərini qoruya bilər".

Siyasətçinin sözlərinə görə, Rusiya özü də başa düşür ki, təkid edərsə, vəziyyəti daha da pis olar, Azərbaycan və Türkiyə münasibətləri daha da gərginləşər. Bu amilləri nəzərə alaraq onlar da düzgün qərar qəbul edib, Azərbaycanın istəyi və mövqeyi ilə hesablaşacaqlar.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı