Cənubi Qafqaz üçün Bayden, yoxsa Tramp yaxşıdır? - TƏHLİL

Qarşıdan Rusiya, ABŞ və Aİ-də prezident seçkiləri gözlənilir. Siyasi sferada müzakirə edilən məsələlərdən biri də, bu seçkilərin nəticələrinin İrəvan-Bakı sülh danışıqlarına təsirləri barədədir. Eyni zamanda, bu il ABŞ-də də prezident kürsüsü uğrunda rəqiblər arasında baş tutacaq mübarizənin Cənubi Qafqaza təsirləri müzakirə predmetidir.

Mövzu barədə Metbuat.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, Birləşmiş Ştatlar dünyada imperatorluğunu qorumaq üçün bütün vasitələrdən istifadə edərək, demokratiya ideyası altında ayrı-ayrı dövlətləri öz təsirinə salaraq öz maraqlarına uyğun həmin dövlətləri idarə edir:


“ABŞ-nin hazırkı Bayden hakimiyyəti çox aqressiv siyasət yeridir, dünyada xaos yaradaraq onun fonunda öz maraqlarını təmin edir. Həm Ukrayna münaqişəsi, həm Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında münaqişənin qızışdırılması, Çin -Tayvanla, Şimali Koreya ilə Cənubi Koreya, hətta bizə yaxın müttəfiq olan Türkiyə ilə Yunanıstan arasında yaranan nifaqın səbəbkarı ABŞ-dir.

Öncəki prezident Donald Tramp biznesmen olduğuna görə bu problemlərin iqtisadi müstəvidə həll olunmasında maraqlı idi. Taktiki gedişləri fərqli olsa da, istər respublikaçılar hakimiyyətdə olsun, istər də demokratlar, onların məqsədi Birləşmiş Ştatların dünya imperatorluğunu qorumaqdan ibarətdir. Hazırkı Bayden administrasiyasının məqsədi Cənubi Qafqaza girməkdir. Onlar hər vasitə ilə Ermənistanın baş naziri Nikol Paşinyanı himayə edirlər. Ermənistan-Azərbaycan arasında sülh sazişi olarsa, başda Birləşmiş Ştatlar olmaqla Qərb Koalisiyasının hərbi-siyasi kontingentinin Cənubi Qafqaz ideyası reallaşa bilməyəcək”.

Analitik düşünür ki, başda Birləşmiş Ştatlar olmaqla Qərbin hərbi kontingentinin Cənubi Qafqaza girməsi, region dövlətlərinin- həm Türkiyənin, həm İranın, həm də Rusiyanın maraqlarına uyğun gəlmir:

“ABŞ-də növbəti seçkilərdə Tramp hakimiyyətə gələrsə, hesab edirəm ki, o Baydendən fərqli olaraq, bu müstəvidə öz imperatorluqlarını qorumaq üçün iqtisadi maraqlarını təmin etmək istəyəcəkdir. Bildiyiniz kimi, Bayden hakimiyyətinin əsas müdafiəçilərindən biri hərbi sənaye kompleksidir. Dünyada mövcud olan bütün hərbi münaqişələr silah istehsal edən bizneslər, fabriklər, zavodlar üçün diqqət mərkəzidir. Birləşmiş Ştatlar 10 il ərzində əldə edəcəyi gəliri son iki il ərzində qazanıb. Qənaətimə görə, Bayden hakimiyyətini də bu hərbi sənaye kompleksini idarə edən iş adamları müdafiə edir. Nəticədə, dünyada yeni qaynar ocaqlar yaranıb, və qan tökülür.

Trampın hakimiyyətə gəlməsi, dünyada bir qədər sabitliyə gətirib çıxara bilər. Bayden hakimiyyətini müdafiə edənlər, bütün vasitələrlə çalışacaq ki, onu hakimiyyətdə saxlasınlar. Çünki Bayden hakimiyyətdə qaldıqca, Birləşmiş Ştatlar dünyada yeni münaqişə ocaqları yaradır və bundan da silah istehsalı silah satışını həyata keçirəcəklər. Hesab edirəm ki, Donald Tramp ikinci dəfə prezident kürsüsünə seçilərsə, o Cənubi Qafqaz münasibətində regiona iqtisadi müstəvidən yanaşacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı