Kreml İranı özünə tərəfdaş seçib - Politoloq

"Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşırlar. Mətn üzərində çalışmalar bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaqlar. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi və iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub".

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur.

"Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki, Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri var idi, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. Kreml İranı seçib.

Rusiya-İran strateji tərəfdaşlığının və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər? Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırki mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycan maraqlarına toxunacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı