Prezidentin vəzifə verdiyi Ramin Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə deputat Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Metbuat.az onun dosyesini təqdim edir:

Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.

Deputat 2009-16-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb. R.Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunub.

Hazırda R.Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

O, həmçinin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.

Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Deputat “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

İngilis və rus dillərini bilir. Evlidir, bir övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı