Naftalan nefti, mineral sular, duz mağaraları əvəzsiz müalicə üsullarındandır

“Hazırda fizioterapiya müasir təbabətdə geniş tətbiq olunur. Bir çox dərmanların yan təsirləri, bəzi hallarda allergik reaksiyaların baş verməsi, əks-göstərişlərin olması fiziki amillərin daha geniş və fəsadsız tətbiqini zəruri hesab edir. Təbii faktorlar, o cümlədən müalicəvi mineral suları, palçıq müalicəsi, Naftalan nefti, duz mağaraları əvəzsiz müalicə üsullarındandır. Həmçinin elektroprosedurlar, kvant terapiyası, ultrasəs müalicəsi, maqnitoterapiya bir çox xəstəliklərin müalicə və profilaktikasında geniş tətbiq olunur”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadə deyib.

O, fizioterapevtik prosedurların tətbiq edildiyi xəstəliklər barədə danışıb: “Fizioterapiyada həm təbii, həm də fiziki amillər (aparat fizioterapiyası) bir çox xəstəliklərdə, xüsusən də dayaq-hərəkət, sinir sistemi, travmatoloji, uroloji, ginekoloji, dəri, pediatrik, tənəffüs və ürək-damar sistemi xəstəliklərində geniş və uğurla tətbiq olunur”.

Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində fizioprosedurların vacibliyinə diqqət çəkən fizioterapevt qeyd edib ki, skolioz daha çox uşaq və yeniyetmələrdə rast gəlinən dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu patologiya yaşlı insanlarda degenerativ proseslər fonunda da əmələ gəlir. Skoliozun erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.

“Skolioz digər sistemlərdə və orqanlarda patologiyalar olmadan, tamamilə sağlam uşaqda xəstəliyi ola bilər. Xəstəliyin simptomları inkişaf dərəcəsindən asılı olaraq müxtəlif olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan asimmetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetriya, bel nahiyəsində çuxur görünməsi aşkarlanır. Onurğa sütununun müxtəlif nahiyələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə edilir. Onurğa sütunu deformasiyaları nə qədər tez aşkarlanıb, müvafiq prosedurlar tətbiq olunarsa, bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlardan onurğa sütunu deformasiyalarında müalicəvi idman və masaj, əzələ gücləndirilməsi, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur.

Skoliozun dinamikasının izlənməsi vacibdir və belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır”, - deyə mütəxəssis əlavə edib.

Fizioterapevtin sözlərinə görə, fizioterapiyanın tətbiqindən öncə bir sıra müayinələr aparılmalıdır: “Xəstəliyin gedişatından asılı olaraq qan, rentgenoloji və ultrasəs müayinəsi, elektrokardioqramma (EKQ) ilkin aparılan müayinə üsullarındandır. Eləcə də, yanaşı gedən prosesləri araşdırarkən daha geniş müayinələrin aparılması vacib hesab olunur. Fizioterapevtik müalicənin təyini zamanı digər mütəxəssislərin də rəyi nəzərə alınmalı və pasiyent üçün individual müalicə planı işlənib hazırlanmalıdır”.

Ü.Mikayılzadə bəzən fizioterapiyada Naftalan neftinin tətbiq olunduğunu deyib: “Naftalan şəhərində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır. Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalanoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə - trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.

Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə edilmiş, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, sezerin, kamfora) Naftalan yağı məlhəmləri şəklində istifadə olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR - uroloji xəstəliklərində geniş istifadə edilir. Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə edilmiş formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə verir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı