Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinin məsuliyyətsiz və destruktiv fikirlərinə etiraz edib.

Metbuat.az xəbər verir ki, Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfiri Olivier Dekotininin destruktiv mövqeyinə qarşı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə 8 may 2024-cü il tarixində verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək, regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışmışdır.

Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır.

Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq, İcma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir.

Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır.

Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı