“Qəbələ” I Liqa üçün legionerlər transfer edəcək

Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ”də legioner futbolçuların taleyinə aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı AZƏRTAC-a klubun bütün əcnəbi oyunçularla vidalaşacağını bəyan edib.

O bildirib ki, qış fasiləsində heyətə cəlb olunmuş Klesio Baukun müqaviləsi avtomatik olaraq qüvvədən düşəcək: “Sözləşmədə belə bir bənd var ki, komanda aşağı liqaya düşsə, oyunçu ilə əməkdaşlığa xitam veriləcək. Digər legionerlə isə danışıb yollarımızı ayıracağıq”.

Klub rəsmisinin sözlərinə görə, yeni mövsümdə daha aşağı maliyyə şərtləri ilə legionerlər transfer ediləcək: “Bildiyiniz kimi, I Liqada çox gərgin mübarizə gedir. Hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır. Buna görə də heyətə əcnəbi futbolçular cəlb edəcəyik”.

Funksioner AFFA İcraiyyə Komitəsinin ötən gün baş tutmuş iclasında Premyer Liqada klub sayı ilə bağlı qəbul olunan qərara da toxunub: “Əsasnamənin qərarına əsasən, növbəti il elitada olmayacağıq. Burada idman prinsipləri qorunur. Özümüzü yaxşı tərəfdən göstərib yenidən Premyer Liqaya qayıtmaq üçün çalışacağıq”.

Qeyd edək ki, “Qəbələ” mövsümün başa çatmasına 2 tur qalmış 23 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı