Bakıda hoteldə sevgilisini pəncərədən atdı - Təfərrüat

Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki “Af Hotel”in 6-cı mərtəbəsindən atan şəxs Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Araşdırma zamanı məlum olub ki, Şükür Qənbərov Ağcabədi rayonu Meliorasiya və Suvarma idarəsində mühəndis vəzifəsində çalışır. O, yaşadığı rayonda ofisiant işləyən 1997-ci il təvəllüdlü A.Həsənova ilə tanış olub və 2022-ci ildən aralarında sevgi münasibəti yaranıb. Əvvəlki nikahından iki azyaşlı övladı olan qadınla qısqanclıq zəminində tez-tez mübahisə edən Şükür daha əvvəl onun uşaqlarının birini taxta ilə döyübmüş. Bununla bağlı polisdə araşdırma aparılsa da, sonradan A.Həsənova şikayətini geri götürüb. Bundan başqa, Ş.Qənbərovla A.Həsənova Qax və Xaçmazda birgə olarkən də aralarında münaqişələr baş veribmiş.

Son olaraq onlar Bakıya istirahət məqsədilə gəliblər. Paytaxta gələrkən Aysel azyaşlı övladlarını da özü ilə gətirib. Onlar “Af Hotel”ə yerləşdikdən sonra aralarında növbəti dəfə münaqişə yaranıb. Münaqişə zəminində Şükür sevgilisini zorla tutaraq 6-cı mərtəbədəki otağın pəncərəsindən atıb. Bu zaman qadın hotelin 3-cü mərtəbəsinin damına düşüb və müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şükür A.Həsənovanın onu hədsiz sevdiyini və ayrılmaq istəmədiyini bildirib. O, sevgilisinin ondan ayrılmamağa görə intihar məqsədilə özünü pəncərədən atdığını deyib. A.Həsənova da Şükürün ondan ayrılmaq istəmədiyini və onu çəkindirməyə görə özünü atdığını bildirib.

Lakin məhkəmə tərəflərin ibtidai istintaqa verdiyi ifadələri əsas götürüb. Həmin vaxt hər iki şəxsin aralarında qısqanclıq zəminində mübahisə yaranması və Şükürün qadını zorla pəncərədən atmasını deməsi məlum olub. Qadının məhkəmədə dediklərinin Şükürü qorumaq məqsədi güdməsi qənaətinə gəlinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ş.Qənbərovu Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə təqsirli bilib. Ona 8 il 6 ay həbs cəzası verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı