"Bəzi məmurlar sevgilisini parlamentə qoyur" - Hafiz Hacıyev

"Parlamentdə müstəqil, tərəfsiz deputatlar olmamalıdır, partiyalar təmsil olunmalıdır. Yaxşı olardı ki, referendum keçirilsin və proporsional seçki sisteminə keçilsin, partiyaların cəmiyyətdə funksiyası daha da artsın".

Bunu Metbuat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, siyasətçi Hafiz Hacıyev deyib. O bildirib ki, növbəti seçkilərin daha demokratik keçiriləcəyinə inanır:

"Bizim də gözləntilərimiz çoxdur və düşünürük ki, bu seçkilər tam demokratik və şəffaf keçiriləcək. İstəyirik ki, bu dəfəki seçkilərə Ramiz Mehdiyev kimilər müdaxilə etməsin, normal seçki olsun.

Azərbaycandakı demokratik mühitlə bağlı dünyadan, Qərbdən bəzi narazılıqlar var - söz azadlığı, mətbuat azadlığı və s. Düzdür, bunların hamısı artıq təmin olunub ölkədə. Bəzi məmurlar aparıb qohumlarını parlamentə qoyur, eləsi var sevgilisini qoyur, bu, deputat seçkisi demək deyil. Biz bu qınaqdan qurtulmaq üçün partiyaların rolunu nəzərə almalıyıq".

Hafiz Hacıyev deputatların sayının artırılmasının tərəfdarı olduğunu deyib:

"Yaxşı olardı ki, 24-25 partiyadan hərəsi parlamentdə 2-3 yer tutsun. Belə olsa, Azərbaycan ABŞ-nin, Avropanın qınağından kənarda qalardı. Hamısı bizdən bunu tələb edir. Əminəm ki, bunların hamısı olacaq, çünki ortada Prezidentimizin iradəsi var. Prezident həmişə demokratik mühitin formalaşması üçün böyük işlər görür.

Əhalinin 7 milyon olduğu vaxtdan 125 deputat sayı müəyyən edilib. İndi 10 milyonuq, yaxşı olardı ki, deputatların da sayı artırılsın, parlamentdə 30-40 partiya təmsil olunsun".

Xatırladaq ki, Azərbaycanda bu ilin sonunda növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı