"Pensiya sistemi ilə bağlı yeni qərarların qəbul olunması gözlənilən idi. Görünən odur ki, yeni dəyişikliklərdə bəzi məsələlər yerini alacaq".
Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, təqaüdlə bağlı son 10 ildə hesablama qaydaları və insanları düşündürən məsələlərlə bağlı onlarla, bəlkə də yüzlərlə dəyişiklik olub, lakin tez-tez dəyişikliklərin olması doğru deyil, qaydaların bütövlüyünə zərər vurur:
"Bu məsələni kökündən həll etmək üçün düşünülmüş şəkildə yeni qanun layihəsi hazırlanmalıdır. Daha sadə və anlaşıqlı dildə olmalıdır. Vətəndaşların təqaüd gözləntilərinə cavab verəcək yeni qanun layihəsi olmalıdır ki, artıq suallar yaranmasın. Dəfələrlə olur ki, qanun dəyişikliyi ilə bağlı vətəndaşlarda əlavə suallar yaranır. Bu da ondan xəbər verir ki, qanun yarımçıqdır, tez-tez dəyişdirilir".
İqtisadçı onu da vurğulayıb ki, hərbçilərin təqaüdə çıxması ilə bağlı pozitiv dəyişiklikləri biz görəcəyik. Nəticə etibarı ilə hərbçilərin təqaüdündə yeni hesablama qaydaları olacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə görə, vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək. Digər dəyişikliyə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.