“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC internetin sürətini artırır.
Metbuat.az xəbər verir ki, qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Məlumatda qeyd olunub ki, bu addım ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədi daşıyır.
Bu barədə İKT üzrə ekspert Elvin Abbasov deyib ki, sürət ilə bağlı ikinci məqam daha geniş çərçivədə dəyərləndirilməlidir:
“May ayına qədər mediada GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan infrastrukturun qurulması ilə bağlı məlumatlar dərc edilirdi. Xatırladım ki, 15-16 may tarixində keçirilmiş “M360 Eurasia 2024” tədbirində isə minimum sürətin 35 Mbit/s edilməsinin hədəfləndiyi, 2020-ci ildən etibarən genişzolaqlı internetin əhatə dairəsinin ölkə üzrə 10 dəfə genişləndiyi və son 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürətinin 2 dəfə artmasından bəhs olundu.
24 may tarixində “Baktelecom” və “NOKİA” tərəfindən yayımlanan birgə press-relizə görə, Bakı şəhəri üzrə genişzolaqlı internetin əhatə dairəsi 5 dəfə genişlənib. Deməli, rəqəmsal uçurumun aradan qaldırılması üçün aparılan infrastruktur layihələri bu hədəfə çatmaq üçün kifayət qədər yetərlilik təmin edir”.
Ekspert hesab edir ki, bu prosesin ölkədə genişzolaqlı internetin illik orta sürətinin artımı ilə bağlı statistikalara da təsiri müşahidə olunacaq:
“Görülən işlər fonunda növbəti “Ookla” hesabatında Azərbaycanın genişzolaqlı internet sürətinin neçənci yerdə olacağı maraqlıdır. “Online Azərbaycan” layihəsinin son göstəricilərinə görə Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkə üzrə təsərrüfatların 78%-ni təşkil edir”.