Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib - Belarusun Baş naziri

Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, bunu Belarus Respublikasının Baş naziri Roman Qolovçenko bu ölkədə rəsmi səfər səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının əlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və bu səfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizə xüsusi təkan verib. Xatırladılıb ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi əsaslar yaradıb.

R.Qolovçenko, parlamentlər arasında da əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis Sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

S.Qafarova səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə dair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericilik sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı faydalı müzakirələr olub. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsində birgə fəaliyyət, o cümlədən parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər barədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsasları formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.

Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib.

Söhbət zamanı spiker S.Qafarova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bu işlərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerji mənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Bərpa işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasında iqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kənd təsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha da yüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı