Dəmir yolu ilə sərnişindaşımaları 20% artıb

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar-iyun aylarında 3 849 804 sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

"ADY"dan Metbuat.az-a verilən məlumata görə, bu ilin 6 ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 faiz çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (149 faiz çox) mənzil başına təhlükəsiz çatdırılıb.

Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 faiz (ötən ilin 6 ayında 90 faiz), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 faiz (ötən ilin eyni dövründə 50 faiz) təşkil edib.

Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 faizindən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 faizindən çoxu əcnəbi turistlər olub.

Məlumata görə, 14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.

İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz (ötən il 7610 reys) çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu artıqlaması ilə, yəni 100,99 faiz yerinə yetirilib.

Təhlükəsizliyi özünün başlıca dəyəri hesab edən ADY sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, cəmiyyətin həssas təbəqəsi üçün nəqliyyatda əlçatanlığı təmin edir, qatar personalının bilik və bacarıqlarının beynəlxalq səviyyədə artırılmasını uğurla həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı