İranın yeni prezidenti kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib. O, 16 384 403 (53,6%) səslə seçkilərin qalibi olub.

Metbuat.az İranın yeni prezidenti ilə bağlı məlumatları təqdim edir:

Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində doğulub. Onun atası türk, anası isə kürd olub. İlk təhsilini Mahabadda alan Pezeşkian daha sonra Urmiyaya gedərək qida sənayesi üzrə təhsil alıb. Hərbi xidmətdə olduğu müddətdə isə tibb sahəsinə maraq göstərməyə başlamışdır. İran-İraq müharibəsində tibb bölməsində xidmət etmişdir.

Pezeşkian təhsilini Təbriz Tibb Elmləri Universitetində alıb. 1994-1999-cu illərdə isə bu universitetin rektoru olub.

1993-cü ildə baş verən bir avtomobil qəzasında Məsud Pezeşkianın xanımı və bir övladı həlak olub. Digər iki oğlunu və qızını təkbaşına böyüdüb və heç vaxt evlənməyib. Qızı Zəhra Pezeşkian Şərif Texnologiya Universitetində kimya sahəsində magistr təhsilinə sahibdir.

Məsud Pezeşkian siyasətə 1997-ci ildə gəlib. Həmin vaxt o, səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 4 il sonra isə səhiyyə naziri olub və 2001-2005-ci illərdə nazir olub. Daha sonra 5 dəfə İran parlamentinə Təbrizi təmsil edən deputat olaraq seçilib. 2016-2020-ci illərdə parlamentin sədr müavini kimi fəaliyyət göstərib. O eyni zamanda İran-Türkiyə Dərnəyinin də üzvüdür.

Məsud Pezeşkian 26 fevral 2016-cı ildə parlamentin açıq iclasında Tanrının onu bir türk olaraq yaratdığını və heç kimin türklərin dilinə, mədəniyyətinə lağ etməyə haqqının olmadığını bildirmişdir. O deyib ki, irandakı türklərin və digər etnik qruplar məktəblərdə öz dillərində yaza və danışa bilməlidir. Pezekian İran məktəblərində Azərbaycan dilinin tədrisini dəstələyənlərdən biridir.

Məsud Pezeşkian bir türk komandası olan "Traktor"un tərəfdarıdır.

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən millət vəkili Məsud Pezeşkiyanın da etirazına səbəb olmuşdur.

Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

Xatırladaq ki, Məsud Pezeşkian seçkilərin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb. İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı