Məhərrəmlikdə yas tutan ölkələr qan içindədir - İlahiyyatçı

“Məhərrəmlikdə toy etməzlər. Biz tərəfdə deyirlər ki, bu ayın düşəri-düşməzi var. Bu ayda ailə həyatı quran şəxslər xoşbəxt olmaz. Biz heç aşurə günü ev də təmizləmirik...”

Bu sözləri Metbuat.az-a Bakı sakini Sevda xanım deyib. Amma Sevda xanımın əksinə, bu fikirlə razılaşmayan paytaxt sakinləri də var. Bəziləri Sevda xanım kimi düşünərkən, bəziləri də bu ayın xeyir işlərə heç bir maneə törətmədiyini söyləyir.

Qeyd edək ki, Məhərrəm İslam təqviminin birinci ayıdır. Əsasən şiə müsəlmanları tərəfindən keçirilir. Tarixi isə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin I Yezidin əmri ilə Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edildiyi Kərbəla döyüşünə gedib çıxır. İmam Hüseyn Məhərrəm ayının onuncu günündə öldürülüb. İnsanlar Məhərrəm və Səfər aylarını matəm ayları kimi qəbul edib, bu iki ayda toy və buna bənzər şənliklər etmirlər.

İnsanlar arasında yaranan suallar və fikir ayrılıqlarının səbəbini öyrənmək üçün ilahiyyatçı Tural İrfan ilə əlaqə saxladıq.

Müsahibimiz deyir ki, İslam dininə görə, Məhərrəm ayında yalnız savaş, müharibə etmək haramdır. Məhərrəm ayı da digər 11 ay kimi adi aydır:

“Məhərrəm ayı hicri təqvimin ilk ayıdır. İlin ilk ayını İslamda olmadığı halda matəm və qara aurada başladıqları üçün bu ayı yas kimi qeyd edən xalqlar həmişə ağlar gündədir. İraq, Suriya, Livan, İran həmişə qan içində, istila və istismar içində olub. Atalar deyir, qəm qəmi gətirər. Quranda, İslamda, Peyğəmbər və Əhli Beyti İmamlarının ənənəsində yas, matəm göstərişi yoxdur. Vəfat edən adama vəfat etdiyi gün daxil olmaqla cəmi 3 gün yas saxlanmalıdır”.

Əhli Beytin xanımlarının da Kərbəla hadisəsi baş verdikdən sonra 3 gün yas tutduqlarını vurğulayan ilahiyyatçı söyləyir ki, Peyğəmbər evlənməyi və xeyirli işləri təxirə salmamağı buyurub. Yəni bu ayda toy, nişan, nikah etməyin heç bir qəbahəti, dini qadağası yoxdur. Vaxtilə siyasi hakimiyyətlər məqsədə çatmaq üçün Kərbəla olayından təqribən 300 ildən sonra Sasani - fars əsilli Büveyhilər, Fatimilər bu ənənəni rəsmiləşdiriblər. Məzhəbçilik intriqası yaradıb digər müsəlman dövlətləri ilə ideoloji sərhəd yaratmaq naminə belə ənənələr qondarıblar.

“Bu ənənənin İmam Hüseynin yoluna aidiyyəti yoxdur. Əksinə, o, Həzrətin amalına, əməlinə xələl gətirir. Çünki başdan sona xurafatdır. Azərbaycana da Səfəvilər dövründə gətirilib. Onlara qədər Türkiyədəki Ələvilər sayağı Aşuranı sazla, sözlə qeyd ediblər. Çünki İmam Hüseyn cənnətə gedib, ideoloji cəhətdən qalib gəlib, ali məqama qədəm qoyub, Allaha qovuşub. Lakin Səfəvilər fars ideoloji-siyasi xəttinə müvafiq olraq zəncir, baş yarmaq, matəm, qaralara bürünmək ənənəsini diriltdilər ki, türk ilə türk arasında uçurum yaratsınlar. Bax bu ənənənin 500 il tarixi var”.

Tural İrfan qeyd edir ki,o zamandan bəzi bölgələrdə xurafatçılıq yayılıb və çoxu da başqasının qınağından qorxaraq xeyir iş etmir. Bu ayda sadəcə İmam Hüseynin şəhadətini anmaq, onu daha çox təbliğ etmək, şəhidlərə dua etmək lazımdır. O ağlaşmanın, mərsiyələrin, yığılıb sonra da ruhanilər arasında bölünən nəzir pullarının, zəncirin, ələmin əsla İslam dininə, İmam Hüseyn yoluna aidiyyəti yoxdur. Farslar qədimdə şahlarına yas saxlayırdılar İslama qədər. İslam gələndən sonra da şahlarına matəm tuta bilməyib İmam Hüseynin adı ilə bu işə başladılar:

“İmam Hüseyn ərəb olmasına baxmayaraq ərəblər bunu etmir. Digər müsəlmanlar da etmir, sadəcə farsların təsirində olan, vaxtilə fars hakimiyyətinin istilasına məruz qalan xalqlar arasında bu qalıb. Bu adət İmam Hüseyni yadda saxlamaq, təbliğ etmək deyil, əksinə onun ruhunu incitməkdir. Çünki bu mərasimlərdə əsla İmam Hüseyn təbliğ olunmur, yalnız xurafat və siyasi şüarlar rol oynayır. O məclislərə toplaşan adamlara Kərbəla şəhidlərinin adları, doğum tarixi öyrədilir, onların hikmətli kəlamları təlqin edilmir. Ancaq lənət, nifrin, qaraküy, qışqır-bağır, süni ağlaşma, uydurma rəvayətlər əsasında mərsiyələr, nəzir yığmaq rol oynayır ki, bu da əsla İmam Hüseynə aid əməllər deyil. İmam Hüseyndən sonra 9 İmam yaşayıb. Onların heç biri belə məclislər təşkil etməyib, Məhərrəm ayını yas elan etməyib” – ilahiyyatçı sonda bildirdi.

Mədinə Zaur \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR