Rəqəmsallaşma mediada hansı yeniliklərə səbəb oldu? - ŞƏRH

Bu gün Azərbaycanda mətbuatın yaranmasından 149 il ötür. Günümüzdə bütün dünyada rəqəmsal media cəmiyyətin xəbər tələbatını ödəyən əsas vasitəyə çevrilib və bu baxımdan ənənəvi medianı da üstələməyi bacarıb - çünki rəqəmsal media daha sürətli və əlçatandır. Bəs rəqəmsal media nədir və onun missiyası nədən ibarətdir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan "Report Media Məktəbi"nin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib ki, rəqəmsal mediadan kənarda heç bir fəaliyyət növü qalmayıb:

“Əslində böyük mənada hansısa başqa media qalmayıb. Rəqəmsal media dövründə yaşayırıq. Hətta ənənəvi media sayılan radio əsas paylayıcı qurğuya belə internetlə ötürülür. Saytı, sosial media səhifəsi olmayan bircə qəzet tapa bilmərik. Telekanallar da internetin nəbzinə uyğun fəaliyyət göstərirlər. Hansımı fərqli bir media növündən danışmağa ehtiyac qalmayıb. İnternet radio və televiziyaların sayı-hesabı bilinmir.

Azərbaycanda da rəqəmsal media həyatın bütün sahələrində özünü büruzə verir. Günümüzü bu mediadan kənarda təsvir etmək belə çətindir. Rəqəmsal media bütün ictimai proseslərdə iştirak edir, hər yerdə bizi müşayiət edir. Yeni nəsil internet dövründə yaşayıb, rəqəmsal mühitdə formalaşıb, rəqəmsal texnologiyalardan kənarda özünü təsəvvür edə bilmir”.

"Bakıvaxtı.az" saytının baş redaktoru, "Həsən bəy Zərdabi" mükafatçısı Qalib İbrahimoğlu deyib ki, istər dövlət, istərsə də özəl təşkilatın gördüyü işlərin səmərəliliyi müxtəlif faktorlarla yanaşı, həm də o qurumun məqsəd və nəticələri haqqında məlumatların düzgün çatdırılmasından, tərəfdaşlarla ünsiyyətin qurulmasından asılıdır. Bu baxımdan rəqəmsal media hər bir təşkilatın artan ehtiyacları üçün böyük əhəmiyyət kəsb edir:

“Rəqəmsal media” anlayışı müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə yanaşı gələn yeni məfhumdur. Rəqəmsal media məlumatların elektron formada işlənməsi və paylaşılmasıdır. Rəqəmsal medianı ənənəvi medianın rəqəmsallaşması da adlandıra bilərik. Belə ki, rəqəmsal media deyəndə səs, şəkil, video və mətn kimi məlumatların rəqəmsal formatda yaradılması, saxlanması, yayılması və istifadə edilməsi nəzərdə tutulur.

Rəqəmsal media cəmiyyətə və mədəniyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Rəqəmsal media hər yerdə var və onun cəmiyyətə təsiri danılmazdır. Bu isə onu deməyə əsas verir ki, informasiya əsri adlandırdığımız yeni çağın başlanğıcındayıq. Demək olar ki, bütün medianın kompüterlərdə istehsal və istehlak olunduğu kağızsız cəmiyyətə doğru gedirik".

Qalib İbrahimoğlu vurğulayıb ki, Prezident İlham Əliyev baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu həmişə yüksək qiymətləndirib, eyni zamanda onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini daim vurğulayıb:

"Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.

Bu gün inkişaf edən Azərbaycanda bu sahənin mütəxəssislərinə tələb artır. Elə buna görə də, Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na “Kommunikasiya və rəqəmsal media” ixtisası əlavə olunub".

"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, təkcə Azərbaycanda yox, bütün dünyada istər rəqəmsal media, istər ənənəvi media transformasiya dövründədir, qeyri-müəyyən vəziyyətdədir:

"Tək radio özünü sakit, sərbəst, gələcəyi təmin olunmuş hiss edir. Çünki öz yerini tapıb. Sürücü sükan arxasında əyləşibsə, o nə internetdən istifadə edəcək, nə sosial şəbəkəyə baxacaq, nə də qazet oxuyacaq. O ancaq dinləyəcək. Ona görə də, radio ilə bağlı hər şey aydındır. Transformasiyaların radioya dəxli yoxdur. Qalanlarına gəldikdə isə, bütün dünyada nəzəriyyəçilər araşdırıb, axtarırlar ki, medianın gələcəyi necə olacaq, bu günü necədir?

Çünki əvvəllər media xəbəri çatdıran idi. Çox az kanallar var idi. İndi isə media xəbər çatdıran deyil. Medianın xəbər çatdırmağına ehtiyac yoxdur. İstənilən qurumun press-relizlər yaymaq imkanı var. İstənilən təşkilatın öz saytı, sosial şəbəkə hesabı var. Hamı öz informasiyasını yaya bilir. Media artıq informasiya yayan deyil. İnformasiya 30-40 il əvvəlki kimi az deyil, həddindən artıq çoxdur. Deməli, media artıq informasiya yayan deyil. O zaman sual ortaya çıxır. Media nədir?

Media indi çox nəhəng informasiya həcmini filtirasiya edən, şəkilləndirən, analiz edən, onu insana böyük məlumatlar bazasından süjetlər çıxarıb, anlaşıqlı halda təqdim edən bir instansiya olmalıdır. Buna tərəf getməlidir. Dünya da buna doğru gedir. Biz də yavaş-yavaş buna doğru getməliyik. Amma ləng gedirik. Bütün hallarda medianın məhvindən, yoxa çıxmasından söhbət getmir. Transformasiyasından söhbət gedir. İnanıram ki, bu mərhələni uğurla başa vuracağıq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı