İqlim dəyişikliyinin Azərbaycanda hansı təsirləri mövcuddur? - TƏHLİL

İqlim dəyişikliyi uzun dövr ərzində dünyanın iqlimində baş verən dəyişikliklərdir. Bu dəyişikliklər təbii səbəblərlə baş verə bilər. Amma son dövrlərdə bu əsasən insan fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Bu dəyişikliklərə qarşı mübarizə aparmaq üçün qlobal səviyyədə tədbirlər görülməkdədir.

Bəs iqlim dəyişikliklərinin Azərbaycanda hansı təsirləri hiss olunur? Ümumiyyətlə Azərbaycanda hansı ekoloji problemlər mövcuddur?

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Metbuat.az-a bildirib ki, Yer kürəsində baş verən iqlim prosesləri təkcə okean sahilində olan ölkələrə deyil, Azərbaycan kimi ölkələrə də təsir edir:

"Bizim də iqlim dəyişikliyindən aldığımız zərərlər var. Bizdə də temperaturun artması alimlər tərəfindən təsdiq olunub. Bəzi yerlərdə iqlim məlumatlarında 1.5 dərəcəyə qədər temperaturun artması müşahidə edilir. Temperaturun artması ilə yanaşı, yağıntıların rejimində də ciddi dəyişikliklər müşahidə edilir. Yağıntıların rejiminin dəyişməsi ən ciddi problemlərdən biridir.

Bu il yay ayının nisbətən rütubətli keçməsi, müşahidə olunan dəyişkən hava şəraiti qəfil snoptik proseslərdir. Digər tərəfdən, su və quru nisbətinin dəyişməsi hava axınında ciddi dəyişmələr yaradacaq. Bu dəyişmələr düşən yağıntıların bəzi ərazilərdə yenidən bölünməsi üçün şərait yaradacaq. Küləklərin sürətində müəyyən qədər artımlar gözlənilir. Azərbaycanda hiss olunmasa da, dünyanın bir çox ölkələrində çox ciddi fəsadlar törədən küləklər müşahidə edilməkdədir.

Bu il COP29 konfransının Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi bu sahədə nümunəvi tədbirlərin planının hazırlanmasını, təqdim olunmasını tələb edir".

İqlimşünas Qorxmaz İbrahimli məsələ ilə bağlı danışarkən qeyd edib ki, iqlim dəyişikliyi milyon illərdir gedir və qaçılmaz prosesdir:

"İnsan oğlu yarandığı gündən təbiətdə baş verən kataklizimlər nəticəsində bu baş verir. İqlim dəyişikliyinin son illər gündəmə gəlməsinin səbəbi odur ki, 19-cu əsrdən başlayaraq bu dəyişiklik hiss olundu. Havanın hərarətinin ölçülməsi baş verdi, nəticədə bəlli oldu ki, əvvəlki 100 ildən fərqli olaraq istiləşmə gedir. Bunun da səbəbi karbon hidro oksidin yüksəlməsi, karbon qazının çəkisinin artması hesabınadır.

Azərbaycanda iqlim dəyişikliklərini son zamanlar yağıntıların tezliyinin dəyişməsində, quraqlığın artmasında hiss edirik. Bakı bir səhra şəhəridir, yağıntılar az düşməlidir. Bu, normaldır. Bütün səhralara xas olan xüsusiyyət Bakı və Abşeron yarımadasında var. Avqust ayıdır amma yağıntılı havalar müşahidə olunur. Hər 5-10 ildən bir belə hallarla rastlaşa bilərik. Bunlar iqlim dəyişikliyi demək deyil. İqlim dəyişikliyi odur ki, dünya okeanının səviyyəsi qalxır. Bir çox yerlərdə yağıntıların miqdarı artır, şimal qütbündə buzlaqlar əriməyə başlayır.

Azərbaycanda COP29 keçiriləcək. Bu konfrans iki həftə ərzində Azərbaycan vətəndaşlarının daha da maariflənməsinə şərait yaradacaq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov fikirlərini bölüşərkən qeyd edib ki, iqlim dəyişikliyi dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərməkdədir:

“Azərbaycan iqlim dəyişmələrinə həssas ölkədir. Bu ehtiyatlarının azalmasına, hava tempraturunun qalxmasına, yağıntının intensivliyinin dəyişməsinə gətirib çıxara bilər. Eyni zamanda bu məsələlərlə bağlı kənd təsərrüfatı da iqlim dəyişmələrinə həssas sektor kimi müəyyən edilir. Su ehtiyatlarından aslı sektor olduğuna görə bu sahə üçün təhlükə yaranır”.

O vurğulayıb ki, sahil zonaları da iqlim dəyişikliklərinə həssasdır:

“Xəzər dənizinin səviyyəsi son illərdə azalıb. Bu da bilavasitə iqlim dəyişikliklərinin təsiri ilə əlaqələndirilir. İstər Xəzər dənizini qidalandıran çaylardan gələn suyun azalması, istər buxarlanmanın artması və digər amillər nəticəsində sahil ərazilərində iqlim dəyişikliklərinə həssaslıq formalaşıb.

Hazırda nazirlik tərəfindən bununla bağlı milli adaptasiya planı həyata keçirilir. Eyni zamanda ölkəmizdə hidrometeroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması işləri görülür. Bu da ölkəmizin iqlim dəyişikliklərinə uyğunlaşması istiqamətində atılan əsas addımlardır”.

Seyranə Quliyeva / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı