Ali məktəblərə imtahansız qəbul olanların sayı açıqlandı

Azərbaycanda bu il 49 nəfər ali məktəblərə imtahansız qəbul olunub.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, onlar beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləridir.

Məlumata görə, universitetlərə müsabiqədənkənar qəbul olunan məzunlardan üçü beynəlxalq olimpiyadaların qalibidir. Onlar təhsillərini xaricdə davam etdirəcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti iki tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti beş tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı