Durov Bakıdan Fransaya getməyəcəkmiş... - Son anda nə baş verib?

Teleqramın yaradıcısı Pavel Durovun Bakıdan gedərkən Fransanın Le Burje hava limanında həbsi Azərbaycanın da bu hadisəyə diqqət yetirməsini şərtləndirir. Əvvəla, Durovun Bakıda olması barədə xəbərlər Azərbaycanın heç bir rəsmi qurumu tərəfindən təsdiqlənməyib. Onun niyə Bakıya gəlməsi haqda yalnız o iddialar vardı ki, guya Putinlə görüş istəyində olub, Rusiya prezidenti isə razılıq verməyib.

Bəllidir ki, Azərbaycanda geniş istifadəçisi olan, Forbesin son sıralamasına görə 15,5 milyard dollara sahib, vegeteryan, baxışlarına görə anarxist (libertarian), 5 övladı, özünün son açıqlamasında dediyinə görə isə 100-dək bioloji uşağı olan Durov soyadı bizim oxucu üçün heç nə demir. Soyadının Azərbaycan dilinə oxşar tərcüməsi bəllidir, bəlkə də elə sıradan teleqram izləyicisi üçün bu daha maraqlı ola bilərdi:

“Milyarder olasan, ət yeməyəsən, axmaqlıqdır...”

Amma indi bütün dünyanın informasiya nəhəngləri bizim çox az tanıdığımız Durov haqda manşet (əsas) xəbərlər yayır...

Durov Bakıdan öz JET-i (şəxsi minik təyyarəsi) ilə vətəndaşı olduğu Fransaya getməkdən niyə görəsə son anda vaz keçibmiş. Bunu təyyarələrin uçuşunu izləyən rəsmi proqram da təsdiq edib. Amma bir qədər sonra təyyarə yenidən Fransanın Le Burje istiqamətində uçuşa qayıdıb. Bu qısa aralıqda Durov niyə fikrini dəyişib, niyə Fransaya qayıtmağa qərar verməsinin səbəbi bilinmir. Bir mənbə təyyarənin yanacağının ancaq Fransaya çatacağını iddia edir. Burda isə iki məqam var. Əvvəla, milyarderin JET-inin pilotları Bakı kimi yanacaqla zəngin ölkədən havaya qalxanda ola bilməz ki, bu qədər ehtiyatsız davransınlar. Əgər belə bir “ehtiyatsızlıq” bilərəkdən edilməyibsə...

İkincisi, Durov sıradan biri deyil və o, Le Burje aeroportunda onu əlində həbs qərarı olan jandarmların gözlədiyini bilməmiş deyildi. Demək, ya özü həbsinə doğru gedib, ya da buna müxtəlif səbəblərdən məcbur qalıb. O məqamı da yaddan çıxarmayaq ki, Durovun Bakı səfəri Azərbaycanla münasibətləri gərgin olan Parisin diqqətindən kənarda qala bilməzdi. Üstəlik, bəzi müstəqil mənbələr bu həbsi məhz Makronun şəxsi haqq-hesabı, qisası (vendetta) kimi izah edirlər. Yəni belə ehtimal var ki, Durovun Bakı səfəri Parisin diqqət qarışıqlığına, qıcığına da səbəb ola bilərdi. İstisna deyil ki, onun Bakı səfərini Qərb kəşfiyyatı da izləsin, saxlanma müddətində ona bu səfər barədə də sual verilsin... Yeri gəlmişkən, Durov teleqramı yaratdıqdan sonra məsələn, Rusiyaya, Çinə və ABŞ-yə səfər etməyib, son illər isə teleqramının baş qərargahının yerləşdiyi Dubayda yaşayıb.

Durovun Le Burjedə dərhal qollarının qandallanması, Fransadakı daşınmaz əmlaklarında axtarışlar aparılması barədə qərar bu həbsin arxasında daha ciddi səbəblər olduğuna işarədir. Əgər kasıbın cibinə nəşə atıb tuturlarsa, dünyada varlıların da “öz ittiham maddəsi” var. Məsələn, bu daha çox cinsi istismar da ola bilər, zorlama da. Durovu yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərlə mübarizə şöbəsi həbs edib, onun mülklərində axtarış ilə bağlı müraciəti də onlar edib. Fransa mediası dərhal bu maddələrlə Durovun “20-25 il həbs cəzası alacağını” yazıb.

Durov, əlbəttə ki, belə bir cinayətlərdə şəxsən iştirak etməyib, söhbət teleqram platformasında narkotik satışı da daxil olmaqla bu cür qeyri-qanuni əməllərin qarşısını almamaqdan gedir. Absurddur, çünki dünya elə bir messencer tanımır ki, orada belə pozuntular olmasın. İddialara görə, teleqram digər sosial şəbəkələrdən fərqli olaraq kəşfiyyatlarla, dövlətlərin “yeraltı təşkilatları” ilə əməkdaşlıq etməkdə maraqlı deyil, yəni messencerin arxasında Durov, komandası və nəhəng maliyyədən başqa heç kim yoxdur. Mən istifadəçi olmasam da, teleqram əslində çox böyük və eyni zamanda ən müstəqil platforma olduğunu deyənlər çoxdur. Yəni onu heç bir dövlət və ya beynəlxalq nüfuzu olan elit qrup dəstəkləmir. İndiki dünyada isə belə sosial şəbəkə məhz kəşfiyyatlara, “dərin dövlət”lərə çox lazımdır ki, bilsinlər kimlər nə yazır, kimin məqsədi nədir? Durova indi həm də o ittihamı belə formalaşdırırlar: “Durov təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməyib”.

Əlbəttə, terrorizmlə mübarizədə bu cür əməkdaşlıq vacib görünə bilər, bəlkə də Durovu qınamaq da olar. Amma indi şifrəli mesajlaşmaları terrorun qarşısını almaq üçün oxumaq istəyənlərdən daha çox, “başqa sirləri” ələ keçirmək istəyirlər. Avropa İttifaqı da, ABŞ da, NATO da. Yəni Durovun “müstəqil olacam” israrı doğrudursa, teleqram ailəsinin sirlərini bilmək istəyən görün hansı gücləri qarşısını alıb və bunun bir cavabı da olmalıdır...

Fransa hakimiyyəti əlbəttə, Durovun Kremllə əməkdaşlığının nə qədər məsafəli olduğunu da anlamaq istəyir. Leninqrad vilayətində anadan olan Durov 2014-cü ildə Rusiyanı tərk edib və bir daha qayıtmayıb. O, Rusiyanı tərk etmək qərarını “vicdanlı və müstəqil məhkəmələrin olmaması” və “bir-birinə zidd olan qanunların çoxluğu” ilə izah edib. Elə həmin il Durov “VKontakte” sosial şəbəkəsinin baş direktoru vəzifəsindən çıxıb və o, xaricdə özünün yeni platformasını yaradıb.

2013-cü ildə teleqramın təsisçisi Sent Kitts və Nevis adlı əndrəbadi ada-dövlətdə, 2021-ci ilin payızında isə Fransa vətəndaşlığı alıb.

Rusiya XİN hələ ki, Fransadakı səfirliyi vasitəsilə Durovun həbsini nəzarətdə saxladığını deyib. Hətta Putinin onu da digər xaricdə həbs edilən rusiyalılar kimi azad edəcəyini gözləyənlər də var.

Durovun həbsi bir az qarışıqdır, ona görə ya onu tezliklə azadlığa buraxacaqlar, ya da həbsdə saxlamaq üçün daha ciddi səbəblər tapmalı olacaqlar. Belə bir səbəb isə var: “ İndiki dünyada müstəqil olmaq olmaz, tərəfini seçməlisən...”

Nazim Sabiroğlu, Musavat.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR