Çində son illərin ən güclü tayfunu - 400 min insan təxliyə edildi

Çinin cənubu son on ilin ən güclü tayfunu səbəbindən külək və leysan yağışları ilə üzləşib. 400 mindən çox sakin ehtiyat tədbiri olaraq materikdən cənubda yerləşən turizm adası Haynandan təxliyə edilib.

Metbuat.az BBC-yə istinadən bildirir ki, yerli vaxtla saat 16:20 radələrində Haynan ərazisinə çatan "Yagi" super qasırğasının ölkənin cənubunda təsirli olacağı gözlənilir. Məktəblərin bağlandığı bölgədə qatar, avtobus, gəmi xidmətləri və uçuşlar iki gün təxirə salınıb.

Bu həftə Filippində böyük dağıntılara səbəb olan "Yagi" Çində quruya çatmazdan əvvəl tədricən güclənib. Fırtınanın yaratdığı küləklərin sürəti saatda 250 kilometrə çatıb. Fırtına Filippində daşqınlara və torpaq sürüşməsinə səbəb olub. Ölkənin şimalında 13 nəfər ölüb, minlərlə insan təxliyə edilib.

Meteoroloqların fikrincə, "Yagi" Çinin Haynan və Quandun bölgələrində "fəlakətli" dağıntılara səbəb ola bilər.

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, tayfun dördüncü kateqoriyalı qasırğaya bərabərdir. Haynanda səlahiyyətlilər çərşənbə günündən etibarən bütün turizm fəaliyyətlərinin dayandırılmasını əmr ediblər.

Honq-Konq, Makao və Çjuhay şəhərlərini birləşdirən dünyanın ən böyük dəniz yolu da bağlanıb. Honq-Konqda birjalar və məktəblər bağlanıb. Səlahiyyətlilər fırtına nəticəsində 5 nəfərin yaralandığını, lakin zərərin məhdud olduğunu açıqlayıblar.

Qeyd edək ki, çimərlikləri və təmiz suları ilə məşhur olan Haynan adasını tez-tez tayfunlar vurur. Bununla belə, "Reuters"in məlumatına görə, 1949-2023-cü illər arasında bölgəni vuran 106 tayfundan yalnız 9-u “super tayfunlar” kateqoriyasında olub.

Çin rəsmiləri deyirlər ki, "Yagi" son on ildə regionu vuran ən güclü tayfun ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı