Azadlıq şəhidi Ülvi Bünyadzadənin 55 yaşı münasibətilə

Tanıyanlar bilir, Şəhiddir Ülvi,

Bir şanlı tarixə şahiddir Ülvi.

O şanlı tarix ki, qanla yazıldı,

Uğrunda verilən canla yazıldı.

O gecə durmuşkən yağı qəsdinə,

Üçrəngli bayrağı çəkib üstünə

Bahar gəncliyini heç düşünmədin,

Yanvar sazağında sən üşümədin.

Axdı məsum qanın torpağa axdı,

Cəsədin dostların çiyninə qalxdı.

Yolunu gözlədi nənən, baban da,

Sənsiz nalə çəkdi elin, oban da.

Sığınıb köksünə əyib başını,

Al qərənfil örtdü məzar daşını.

Bu ağrılı misralar sənə ünvanlanıb, ömrü gödək, duyğuları kövrək, andı da adı tək Ülvi şair! Bu gün çox təəssüf ki, bütün doğmaların, dost-tanışların, səni sevənlərin 55 yaşını sənsiz qeyd edir. Əgər yaşasaydın, sözsüz ki, Azərbaycanın adlı-sanlı elm xadimlərindən biri olacaqdın. Ancaq nə yazıq ki, 1990-cı ilin qanlı 20 yanvar gecəsində güllələndi gələcəyin, arzuların, ümidlərin... Poetik dünyası rəngarəng, düşüncələrifəlsəfi, ideologiyası parlaq, təbiəti müdrik, təbi coşqun, dərrakəli, elmli, ziyalı igid! Təhsil aldığın, bitirə bilmədiyin ali məktəbdə tələbə yoldaşlarına ağlınla, savadınla, bacarığınla həmişə nümunəvi şəxs, əvəzsiz bir örnək idin. Əzmin, şücaətin bu gün də fəxr hissi ilə müəllimlərinin dilindədir, ey azadlıq mücahidi!

1969-cu il sentyabrın 23-də Göyçədə doğulmuşdun. El aşığı Dədə Ələsgərin sazlı-sözlü, ulu Göyçəsində. Neçə-neçə sənətkar, aşıq, şair, elm xadimi yetişdirib bu qədim torpaq! Namərdlər əlində viran qalan, yağılar pəncəsində tapdaq edilən əzəli-əbədi Türk yurdumuz! Qayıdacaqdın o yurda. Göyçənin qanlı və şanlı tarixini dastana çevirmək üçün. Ancaq əcəl yaman amansız imiş. Çox gənc ikən kəsdi ömrünü… Sən nə yaşadın ki, Ülvi!? Bir gün Ulu Tanrının izni ilə biz Göyçəyə qayıdacağıq. Buna şübhə etmirik. Ancaq məni bir sual düşündürür: Səndən sonra kim yazacaq Ulu Göyçənin dastanını?..

Milli mübarizə idi hədəfin, azadlığa qovuşmaq idi niyyətin. Bu yolda özünün söylədiyin kimi, cismini də yandırmağa hazır idin. Soyuq Yanvar gecəsində Qırmızı İmperiyanın ağır, zirehli texnikası ilə üz-üzə gələrək millətimizin qanına susamış azğın cəlladlar önündə“Qırmayın mənim xalqımı” deyə hayqıraraq kükrədin. O müdhiş gecədə candan əziz bildiyin Vətəninin müdafiəsinə qalxmaqla, xalqına yiyə durdun, millətinin namus və şərəfini qorudun. Ancaq Şəhadətinlə! Bu şərəfli məramına da yetişdin.

Hər dəfə məzarını ziyarət edərkən Şəhid həmkarın Alı Mustafayevin misraları qəlbimdə tüğyan edir: “Müqəddəs Şəhidlər Xiyabanında Dəli bir ağlamaq keçir könlümdən”. Ancaq Şəhidlərə ağlamazlar. Çünki Onlar Haqqın dərgahında əbədi ikən diridirlər. Müqəddəs yolun yolçuları, uca amala müvəffəqdirlər.

O qanlı gecədən xatirə qalan vəsiyyətin yarımçıq ömründən, acı taleyindən xəbər verir:

Atama oğul deyiləm,

Anama oğul deyiləm.

Bu ocağın kor çırağı,

Yanmayacaq işığıyam.

Atam-anam zəmanədir,

Mən zəmanə uşağıyam.

Taleyində bu qədər uzaqgörənlik nədəndir? Bir də Vətən qarşısında vicdanla içdiyin andına sadiq qaldın. Əsil-nəcabətini danmadın, kimliyini unutmadın. Sözünü tutdun, mövqeyini, yolunu qərarlaşdırdın, diləyini gerçəkləşdirdin. Şüurlu halda seçdiyin Şəhadət yolu səni ölümsüzlüyə apardı. Beləliklə, Vətən uğrunda candan keçməyi bu həyatda hər şeydən üstün bildin. Bəlkə də sənin o pak ruhun bundan ötə bir hiss yaşamadı. O qədər həsrət idin ki, bu arzuna. Ruhun da bu ucalığa layiq olmağına sevindi. 20 illik ömür yaşadın. Ədib ömrü! Poetik duyğuların dərindən-dərin, hekayələrin olduqca ibrətamiz. Hələ tərcüməçilikfəaliyyətini demirəm. Hər dəfə adın çəkiləndə qeyri-ixtiyari bir kəlmə çıxır dilimizdən “Allah rəhmət eləsin!” deyirik. Sözün düzü, adamın dili gəlmir gənc ikən qırılan ömürlərə vaxtsız rəhmət oxumağa. Qoy bu fikrim yanlış başa düşülməsin. Həqiqət budur. Vətənimizin, xalqımızın qan yaddaşında Həmişəyaşarsan, Ülvi!


Qeyrətinə, qüdrətinə qurban olaq sənin kimi igid, qəhrəman Vətən oğullarının. Qarabağımızın azadlığı uğrunda aparılan 44 günlük Haqq savaşında əsirlikdən qurtulmuş yurd yerlərimizdən ilk zəfər müjdəsi gəldikdə “Qarabağa məndən salam deyərsən, yad eyləsin qoy ruhumu bir gözəl!” misraların günlərlə dilimdən düşmədi, Ülvi! Təkrar-təkrar pıçıldadıqca qərib könlümə təsəlli duydum:

Qarabağdı mənim dinim-imanım,

O torpağın nişanəsi, iziyəm.

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə də Qarabağın özüyəm.

Mənimçünsə Ulu Göyçəmin özü və sözüsən, Ülvi! Qürurluyam ki, qisasın yağı düşməndən alınıb, qanın yerdə qalmayıb, nigaran ruhun nicat tapıb, şanlı Vətənimin ey Qəhrəman övladı! 55 yaşının tamamında əziz və unudulmaz xatirəni fəxarət hissi ilə yad edirəm!

Sevinc Ədalətqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı