Tənqid edənlər bu faktı bilmir - Heykəlin memarı DANIŞDI

Bakıda görkəmli el sənətkarı Aşıq Ələsgərin heykəlinin açılışı olub. Açılışdan sonra heykəlin sosial şəbəkələrdə yayılan fotoşəkilləri xeyli müzakirələrə səbəb olub. Bir qrup şəxs Aşıq Ələsgərə bu cür heykəlin qoyulmasını, onun obrazının belə təsvir olunmasını, eyni zamanda sazı tutma tərzini tənqid edib. Heykəldəki elementlərin Aşıq Ələsgərə uyğun gəlmədiyini idda edənlər də var.

Metbuat.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Modern.az-a açıqlamasında tənqidlərlə razılaşmayıb.

Məhərrəm Qasımlı bildirib ki, heykəl çox gözəl formada hazırlanıb:

“Aşıq Ələsgərin heykəli Bakıdakı ilk aşıq heykəlidir. O, bütün əlamətlərinə görə bizim qürur mənbəyimizdir. Heykəltəraş da çox istedadlıdır. Natiq Əliyevin istedadına yaxından bələdik. Heykəl bütün hallarda Aşıq Ələsgərin əlamətlərini özündə əks etdirir. Burada təbii ki, heykəltəraşın təxəyyülü də rol oynayır. Aşıq Ələsgər Göyçəyə doğru hərəkət edən aşıqdır. Ona görə də heykəldə sanki haray qaldıran, bizi o torpaqlara doğru istiqamətləndirən şəkildə təsvir olunub”.

Heykəlin memarı Malik Babayev bildirib ki, Aşıq Ələsgər solaxay idi. Ona görə də heykəldə də bu şəkildə təsvir olunub:

“Bəzi rəssamlar bu faktı bilmədiklərinə görə, onun rəsmlərini sazı sağ əli ilə çalarkən çəkiblər. Halbuki, yanlışdır, Aşıq Ələsgər solaxay olub. Heykəltəraş bir heykəli yaradanda xeyli araşdırmalar edir.

Aşıq Ələsgərin nəticəsi də açılışda iştirak edirdi. Onlardan da məlumatlar alınıb ki, Aşıq Ələsgərin boyu, xarici görünüşü necə olub. Heykəl haqqında mənfi rəy bildirənlər varsa, onlar ancaq pis düşüncəli insanlardır. Bu insan xalq aşığıdır. Aşıq Ələsgər Azərbaycanda bəlkə də Dədə Qorquddan sonra ikincidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı