Əhməd azadlığa buraxılacaq?

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun müalicə müəssisəsindən qısa müddətdə buraxılması hazırkı vəziyyətə real görünmür.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin ictimai təhlükəliliyini dərk etməyən və özünü idarə edə bilməyən şəxs anlaqsız hesab olunur və cinayət məsuliyyətinə cəlb olunmur.

“Yəni Ə.Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlər seçilərək, onun məcburi psixiatriya müəssisəsinə yerləşdirilməsi ilə bağlı məhkəmənin qərarı tamamilə ədalətlidir.

Onn cəzaçəkmə müəssisəsinə göndərilməsi digər məhkumların həyat və sağlamlığı üçün çox ciddi təhdid və təhlükə ola bilərdi. Onun qısa müddət ərzində müalicə alıb çıxması real görünmür. Çünki ciddi sağlamlıq və psixi pozuntularının olduğu aşkar şəkildə hərəkətlərində müşahidə olunur.

Ona görə də bir il müddətində Əhmədin xəstəxanadan çıxması ağlabatan deyil. O, uzun illər məcburi psixiatriya müəssisəsində qalacaq. Elə psixi pozuntuları olan şəxslər var ki, onlar heç vaxt psixiatrik müəssisədən buraxılmırlar. Yəni Əhmədin oradan çıxması üçün o, tam sağalmalıdır və cəmiyyətə tam inteqrasiyası mümkün olmalıdır. Bu da hazırkı vəziyyətdə real görünmür. Belə olan halda Ə.Əhmədovun azadlığa çıxmaq şansı olduqca azdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan edilib. Məhkəmənin yekun qərarına əsasən, onun barəsində məcburi müalicə tətbiq ediləcək.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı