Yağış yağanda yollar niyə tıxac olur? - "3 səbəb var"

Yağışlı hava şəraiti hər zaman müxtəlif problemlərə, xüsusilə də yollarda tıxaclara səbəb olur.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, burada üç əsas səbəb mövcuddur.

“Birincisi obyektiv təbii səbəbdir. Yağış, qar yağırsa, yollar yaşdırsa, duman varsa, avtomatik olaraq sürət aşağı endirilməlidir, ara məsafəni çox götürmək lazımdır. Yəni belə hava şəraitində maksimum diqqətli olmaq, asta sürətlə hərəkət etmək lazımdır. Bu amillər yollarda sıxlığı artırır.

Digər səbəb isə infrastrukturla bağlıdır. Yağış yağan zaman yollarda gölməçələr əmələ gəlir, su yığıntıları qalır. Sürücülər həmin gölməçələrin dərinliyini bilmir, oradan ehtiyyatla, yavaş keçməli olur. Eyni zamanda, yağışlı hava şəraitində görmə pisləşir, yollarda işıqlandırma sistemində problem yaranır, sürücü qabağı görməkdə çətinlik çəkir.

Başqa bir səbəb odur ki, qeyri-sabit hava şəraitində insanlar maksimum dərəcədə fərdi avtomobildən və taksidən istifadə edirlər. Çünki insanlar yaxşı havada ictimai nəqliyyatdan istifadə edirdirsə, qeyri-sabit hava şəraitində bu bir qədər çətin olur. Səbəb də odur ki, səkilərdə gölməçə, bəzən hətta palçıq gölməçəsi olur, avtobus dayanacağına və ya metroya qədər getmək çox çətin olur. Digər tərəfdən bəzi avtobus dayanacaqlarında, xüsusən də mərkəzdən kənarlarda dayanacaq pavilyonları yoxdur, adamlar yağışın altında durmaq istəmirlər, məcbur olub fərdi avtomobildən və taksidən istifadəyə üstünlük verirlər.

Bu hər üç səbəb tıxacların yaranmasına gətirib çıxarır”, - deyə ekspert əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı