"Qalatasaray"ın köməkçi məşqçisi İsmael Qarsiya Qomez mövsümün əvvəlində heyətə qatdıqları Viktor Osimhenin transferi zamanı baş verənlərlə bağlı BBC-yə açıqlama verib.
Metbuat.az xəbər verir ki, məşqçi yay aylarının Osimhen üçün gərgin keçdiyini, onun gələcəyi ilə bağlı müxtəlif spekulyasiyalar yayıldığını bildirib. O, Napolidə qalmaq istəmədiyi üçün Səudiyyə Ərəbistanı və Çelsi klublarına keçidi barədə xəbərlər ortaya çıxdığını, amma detalları bilmədiyini qeyd edib.
İsmael Qarsiya Qomez əlavə edib ki, baş məşqçi Okan Buruk Osimhenlə telefonla əlaqə saxlayıb və qısa bir müddət ərzində transferin baş tutmasını təmin edib. O, bu transferin həm klub, həm də azarkeşlər üçün böyük bir başlanğıc olduğunu vurğulayıb.
Məşqçi həmçinin Osimhenin "Qalatasaray" ailəsinə qoşulmaq üçün çox istəkli olduğunu və bunun transferi asanlaşdırdığını bildirib.
Qeyd edək ki, "Napoli"dən pulsuz icarəyə götürülən Osimhen “Qalatasaray” forması ilə 7 oyuna çıxıb. Nigeriyalı futbolçu 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.