COP29-un media tərəfdaşları açıqlandı

“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.

COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

COP29-un media tərəfdaşları tədbirin tematik proqramlarına uyğun tədbirləri işıqlandırmaqla, o cümlədən Yaşıl Zonada ziyarətçi təcrübəsinin artırılması baxımından mühüm rol oynayır. COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl Zona iştirakçılara həm mövcud yenilikləri, həm də iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həlləri ön plana çəkən maraqlı müzakirələr, panel sessiyaları və nümayişlər çərçivəsində fikir mübadiləsi aparmaq üçün dinamik platforma təklif edir.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlb olunmasına şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, “FT Live” telekanalının “FT Sessions at COP” verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

“Project Syndicate” media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin (IPCC) ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

“Newsweek” isə özünün “Yaşıl keçidin əsas istiqamətləri” seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq. Proqram təbiət əsaslı həlləri təşviq etməklə yanaşı, həm də təmiz istehsalın artımı, bərpa olunan enerjinin vüsət alması, eləcə də karbon emissiyalarının azaldılması üçün innovativ strategiyaları əhatə edəcək.

Azərbaycanda təmsil olunan “CBC” və “ANEWZ” media qurumları isə həm Mavi, həm də Yaşıl zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı (Impact Stage) fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda “Daily Show” verilişi təqdim olunacaq. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan “Extreme Hangout” zonası da burada təşkil olunacaq. Bu məkan həm tədbir qonaqlarını, həm də qlobal auditoriyanı cəlb edən əhəmiyyətli müzakirələr üçün platforma rolunu oynayacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29-un media tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları qeyd edib: “Qlobal iqlim fəaliyyəti barədə ən son məlumatların dünya auditoriyasına çatdırılmasında media tərəfdşlarımızın əvəzsiz rol oynayacaqlarına əminəm. Yaşıl Zonada bu tərəfdaşlıq çərçivəsində qlobal auditoriya ilə iqlim fəaliyyətinin kommunikasiyasını dəstəkləyən platformaları təmin etməyi hədəfləyirik”.

COP29-un rəsmi media tərəfdaşı seçildiyini bəyan edən “Newsweek” jurnalının icraçı vitse-prezidenti Amit Şah isə bildirib: “COP29-un media tərəfdaşı olaraq, “Newsweek” qəzeti yaşıl keçidin əsas prinsiplərini və qlobal dayanıqlılıq təşəbbüslərini dəstəkləyən mühüm müzakirələri işıqlandırmaq əzmindədir. Biz ekoloji cəhətdən təmiz enerji, iqlim dəyişməsinə qarşı davamlılıq və dayanıqlı maliyyə kimi mühüm mövzuları ön plana çıxararaq sözdən əmələ keçidi stimullaşdırmaq niyyətindəyik. COP29 daha sağlam, eləcə də daha dayanıqlı dünya naminə effektiv və uzunmüddətli dəyişikliklər üçün analoqsuz fürsətlər təqdim edir”.

“FT Live” media şirkətinin icraçı direktoru Orson Françeskone COP29-un rəsmi media tərəfdaşı olduqlarını bəyan edərkən vurğulayıb: “Keyfiyyət və qlobal jurnalistikanın etibarlı mənbəyi olan “FT” media şirkəti COP29-da aparılan vacib müzakirələrin bir hissəsi olmaqdan məmnundur. Rəqəmsal texnologiyalardan istifadə etməklə, biz iqlim maliyyəsi, enerji keçidi və su təhlükəsizliyi kimi məsələlər üzrə bu mühüm dialoqu tədbirin fiziki hüdudlarından kənara çıxarır və müxtəlif dünya bölgələrindən insanların iştirakını təmin edirik”.

“CBC TV” telekanalının baş direktoru Vüqar Xəlilov COP29-un yayım tərəfdaşı olduqlarını bəyan edərkən qeyd edib: “COP29 bütün bəşəriyyətə təsir edən qlobal problemləri həll etmək üçün vacib platforma funksiyasını yerinə yetirir. Bakıda keçirilən bu tədbirdə dünya liderləri, dövlət başçıları və hökumət nümayəndələri iqlim problemləri üzrə həll yollarını müəyyən etmək və ədalətli maliyyə bölgüsü məqsədilə birlikdə çalışacaqlar. Bu, bütün səslərin eşidildiyi bir məkan olacaq. Belə genişmiqyaslı tədbirlər hər bir media şirkəti üçün mühüm əhəmiyyət kəsb edir”.

“ANEWZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev COP29-un yerli yayım tərəfdaşı seçildiklərinə toxunaraq bildirib: “COP29-un rəsmi tərəfdaşı olaraq, “ANEWZ” şirkəti son dərəcə məmnundur ki, iqlim dəyişmələri ilə mübarizə sahəsində müxtəlif rəy və təşəbbüslərin gücləndirilməsinə töhfə verəcək. Bu tərəfdaşlıq qlobal auditoriya üçün maraqlı olan təsirli materiallar təqdim etmək əzmimizi əks etdirir. “ANEWZ” şirkətinin məqsədi gələcək nəsillər üçün dayanıqlı dünya naminə çiyin-çiyinə çalışan liderlərin, eləcə də novatorçular və icmaların səylərini nümayiş etdirməkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı