BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ilk günü baş tutub.
Metbuat.az xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd edib ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir. İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib. Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
Parlamentin sədri, eyni zamanda, bildirilib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi, dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir.
Sahibə Qafarova deyib ki, biz deputatlar xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onların üzərində dağıdıcı təsirlərinin ilk şahidləriyik. Bu mənada, parlamentlər onların ehtiyaclarını və perspektivlərini ön plana çıxarmaqla bu prosesi öz üzərinə götürür və onu daha əhatəli edir. Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər. Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər.
Milli Məclisin sədri deyib ki, iqlim dəyişikliyi bəşəriyyətin istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir.
Tanzaniya Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti xanım Tulia Akson Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi etdiyini deyib, buna görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.
İqlim dəyişikliyinin həyatımızın bütün aspektlərinə təsir göstərdiyini söyləyən Tulia Akson deyib: “Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev çıxışı zamanı COP29-un əsas hədəflərindən söz açıb. O qeyd edib: “Biz istəyirik ki, COP29-da ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək”.
Muxtar Babayev bildirib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar. Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. “Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”, - deyə o əlavə edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında COP29 çərçivəsində G20 liderlərinə müraciət edib. O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Sammiti önəmli mesaj üçün bir fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə Saymon Stil əlavə edib.
BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqların davam etdiyini, hamının məsuliyyətin böyüklüyünü anladığını, gecə-gündüz işlərin getdiyini diqqətə çatdırıb.
G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz. "Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olması üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur”, - deyə Saymon Stil vurğulayıb.
Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva “COP29-da parlamentlərarası əməkdaşlığın təşviqi: Parlamentlərarası İttifaqın 150-ci Assambleyası və sonrakı dövr” mövzusunda çıxış edib. COP29-un ciddi önəm qazandığını söyləyən Tənzilə Narbayeva burada irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini deyib. Qeyd edib ki, metan emissiyalarının azaldılması, təmiz karbohidrogendən istifadə olduqca əhəmiyyətlidir.
O bildirib ki, parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi, məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir.
Tənzilə Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb. Regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub.
Açılış mərasimindən sonra Azərbaycan Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Daha sonra görüş işini sessiyalarla davam etdirib.
“Zəmin yaratmaq: iqlim dəyişikliyinin real təsirini anlamaq” adlı sessiyada əvvəlcə iqlim dəyişmələri ilə bağlı videoçarx nümayiş etdirilib.
Sessiyada çıxış edən BMT-nin Yerli Problemlər üzrə Daimi Forumunun (UNPFII) 23-cü sessiyasının sədri, Çadın Mbororo xalqının yerli sakini xanım Hindu Omarou İbrahim mənsub olduğu xalqdan, üzləşdirkləri çətinliklərdən bəhs edərək deyib: “Bizim xalqımız yarımköçəri həyat sürür. İki milyona yaxın insan məcburi köçkün olub. Son altı aydakı istilər nəticəsində qoca və uşaqlar arasında ölənlər oldu. İstilər nəticəsində yaranmış quraqlıq çox faciəvidir”.
"Siz parlamentarilər olaraq bu məsələləri qaldıra bilərsiniz. Büdcələrinizdən bu sahəyə nə qədər vəsait ayrılacağını danışa bilərsiniz. Hələ də inkişaf etmiş ölkələr maliyyə məsələlərini müzakirə edir. Burada söhbət hamının həyatda qalmasından gedir. Maliyyə ayrılmasa və iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparılmasa biz Yer üzündən yox olacağıq”, - deyə o vurğulayıb.
Albaniya parlamentinin sədri Elisa Spiropali hazırda dünyanın gözünün Azərbaycanda, COP29-da olduğunu söyləyib. Bildirib ki, burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq.
O, həmçinin əlavə edib: “İstəyirik ki, iqlimlə bağlı problemlər gələcəkdə insanların həyatına mənfi təsir etməsin. Bu proses get-gedə böyük miqyas alır. Bu da bizdən daha operativ cavab tədbirləri görməyi tələb edir. Buna görə də bu sahəyə maliyyə ayrılmalıdır. Beynəlxalq əməkdaşlıq platforması daha da gücləndirilməlidir. Biz bilirik ki, bu vəziyyətlə bağlı müzakirələr aparılır, amma heç də praktiki olaraq işlər ortaya qoyulmur. Biz real işlər görməliyik”.
Tədbirdə çıxış edən Tonqa Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua diqqətə çatdırıb ki, iqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək. “Bizim imkanlarımız var, amma maliyyə və texniki bacarıqlarımızın çatışmazlığı səbəbindən bərpa olunan enerjimiz 18 faiz təşkil edir”, - deyə o qeyd edib.
Əlverişsiz vəziyyətdə olduqlarını bildirən Lord Fakafanua ildən ilə həddindən artıq hava şəraiti ilə üzləşdiklərini bildirərək deyib: "Biz səviyyəsi aşağı olan adalardan insanları köçürürük. Maliyyə texnologiyaları alimlərin bizə verdiyi son müqəddərata uyğun deyil. Sakit okeanda bəzi ada ölkələrinin adaptasiyası artıq çox gecdir. Növbəti 50-100 ildə 100 milyondan çox insan problemlərlə üzləşə bilər. Artıq Amerikada yüksək qızmar hava şəraitindən helikopterlər uça bilmir. Texnologiyalar bizə müəyyən qədər kömək edə bilər, amma tam olaraq yox. Kollektiv olaraq dövlətlərimizi, hökumətlərimizi və özəl sektoru bir araya gətirməliyik".
Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə isə iqlimin mühafizəsinin aktual problemlərdən biri olduğunu vurğulayıb. Deyib ki, birgə mübarizə olmadan onların həlli mümkün deyil. Qlobal istiləşmənin şahidi oluruq. Bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistanda dayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır.
O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmli hesab etdiklərini bildirərək vurğulayıb: "İnanıram ki, bugünkü yüksək səviyyəli Parlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq. Bununla bağlı birgə səylər göstəriləcək. Təcili praktik tədbirlər görməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçid etməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür. Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatın inkişafına yaxşı təsir göstərəcək".
Məhmədtair Zokirzadə əlavə edib ki, COP29-da qəbul edilən qərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək.
COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova COP29-un əsas hədəflərindən bəhs edib. İqlim maliyyəsi məsələsinin önəmin qeyd edən Leyla Həsənova parlamentarilərin həll yolları göstərən proqramların tapılmasındakı rolunu vurğulayıb.
Ətraf mühidlə bağlı bilik və savadlılığın artırılmasının önəminə toxunan çempion deyib: “Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynaması vacibdir”.
"İqlim öhdəliklərinin reallaşdırılması: təsirlərin azaldılması üzrə ambisiyalarının artırılmasında və milli səviyyədə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsində parlamentlərin rolu" mövzusunda ilk sessiyada Paris Sazişinə əsasən qəbul edilmiş təsirlərin yumşaldılması üzrə öhdəliklərin səmərəli şəkildə milli fəaliyyətdə tətbiq olunmasının təmininə yönəlmiş müzakirələr aparılıb. Sessiyada, həmçinin istixana qazı emissiyalarının azaldılması üzrə milli səviyyədə müsbət təcrübələr paylaşılıb, parlamentlərin bu təşəbbüslərdə olduqca əhəmiyyətli rol oynadığı vurğulanıb.
“Qlobal İqlim Maliyyəsi Arxitekturasını Aşmaq: Resursların hərəkətə gətirilməsi və iqlim maliyyəsinə girişin sadələşdirilməsi” adlı ikinci sessiyada mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada iqlim maliyyəsinin genişləndirilməsi və buna ehtiyacı olan, xüsusilə inkişaf etməkdə olan ölkələrə təqdim olunmasının təmini üçün parlamentlərin təşəbbüsləri, eyni zamanda, COP29-un əsas mövzusu olacaq İtkilər və Zərərlər Fondu və İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi də daxil olmaqla, qlobal iqlim maliyyəsindəki əsas inkişaf istiqamətləri müzakirə edilib.
Bundan əlavə, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin parlamentlərinin maliyyə vəsaitlərinə ən çox ehtiyacı olan dövlətlərin bu vəsaitlərə kifayət qədər çatımlılığını təmin etmək məqsədilə əsas maliyyə resurslarının səfərbər olunmasını və bölüşdürülməsini sürətləndirmək üçün bu mühüm maliyyələşdirmə tədbirlərini dəstəkləmə imkanları barədə danışılıb.
"İqlim dəyişiklikləri üzə dayanıqlılığın artırılması: uyğunlaşmanın və yerli səlahiyyətlərin genişləndirilməsi" mövzusunda üçüncü sessiyada isə iqlim dəyişikliyindən artıq ciddi şəkildə təsirlənmiş şəxslərin uyğunlaşma ehtiyaclarının həlli istiqamətində milli və qlobal təşəbbüslər ətrafında fikir mübadilələri aparılıb.
Görüş noyabrın 17-də yekunlaşacaq.