COP29-da iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi mövzusu müzakirə olundu - FOTO

Noyabrın 20-də Bakıda keçirilən COP29 çərçivəsində şəhərlərdə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinə dair dəyirmi masa təşkil edilib.

Metbuat.az xəbər verir ki, COP29-da Şəhərsalma Günü çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib. O qeyd edib ki, bugünkü dəyirmi masa müzakirələri “Şəhərsalma və Arxitektura” mövzusunda müzakirələrin aparılması, habelə şəhərlərdə iqlim təşəbbüsləri üçün effektiv maliyyə həllərinin tapılması istiqamətində mühüm addımdır.

“Biz başa düşürük ki, şəhərlər iqlim dəyişikliyinin həm problemlərində, həm də həll yollarında əsas rol oynayır. Şəhərlər təkcə istixana qazlarının əsas emissiyalarında deyil, həm də davamlı və iqlimə uyğun həllərin yaradılmasında mühüm aktorlardır. Davamlı inkişafın lokomotivləri olan şəhərlərin potensialını açmaq üçün biz əhəmiyyətli investisiyalar cəlb etməliyik. Məhz buna görə də şəhər iqlimi layihələri üçün innovativ maliyyə mexanizmlərinin yaradılması məsələsi bu dəyirmi masanın gündəliyindədir”, - deyə A.Quliyev bildirib.

Azərbaycanda dövlət-özəl tərəfdaşlıq modelinin fəal şəkildə inkişaf etdiyini və bunun yaşıl infrastruktur, enerji səmərəliliyi və davamlı şəhər inkişafı sahəsində iri layihələrin həyata keçirilməsinə özəl investisiyaların səmərəli cəlb edilməsi üçün imkan yaratdığını qeyd edən dövlət komitəsinin sədri işğaldan azad edilmiş ərazilərdə şəhərlərin inkişafına xüsusi diqqət yetirildiyini, burada genişmiqyaslı urbanizasiya regenerasiyası proqramlarının iqlim problemlərinin həllinə də töhfə verdiyini vurğulayıb.

A.Quliyev əlavə edib: “Beynəlxalq tərəfdaşlar və maliyyə institutları ilə birlikdə biz bütün şəhərlərin, xüsusilə də ən həssas şəhərlərin davamlı inkişaf və iqlim həlləri üçün maliyyəyə çıxışı təmin edən mexanizmləri yaratmağa çalışırıq. Bu investisiyaların bütün şəhər sakinlərinə, o cümlədən ən həssas təbəqələrə real fayda gətirməsi vacibdir”.

Dəyirmi masada çıxış edən Birləşmiş Millətlər Təşkilatı Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbaxın sözlərinə görə, reallıq ondan ibarətdir ki, əksər şəhərlər, birincisi, ehtiyaclarla müqayisədə xərclərin minimum səviyyədə olmasından, ikincisi, öz resurslarının yaradılması üzrə məhdud imkanlardan və üçüncüsü, şəhər şəraitində dövlət infrastrukturuna son dərəcə az məbləğdə özəl investisiyalardan əziyyət çəkir. Bunun altında yatan maneələr institusional, hüquqi və siyasi sistemlərdə təkmilləşdirmə və dəyişikliklər tələb edir və bu maneələri asanlıqla aradan qaldırmaq mümkün deyil. Bunun üçün dörd əsas sahədə maliyyə və səy tələb olunur.

“Birincisi, biz islahatları dəstəkləməliyik, əsas sistemləri gücləndirməliyik və şəhər infrastrukturuna sərmayə qoyuluşuna mane olan şərtləri həll etməliyik ki, bu amilləri də əsas, fiksasiya adlandırırıq. Bu, həqiqətən də bizim və Dünya Bankının şəhər sektorunda fəaliyyətinin əsas hissəsidir. İkincisi, qalan müxtəlif maneələrə baxmayaraq, şəhər investisiyalarını artırmaq üçün dərhal imkanlar axtarılmalıdır. Düşünürəm ki, digər tərəfdaşlarla, Şəhər İqlim Maliyyə Fondu ilə işləmək bu məsələdə şəhərlərə kömək edəcək vasitələrdən biridir. Üçüncüsü, biz yerli infrastruktura sərmayə qoymaq məqsədilə bələdiyyələrin maliyyə axınlarını artırmaq üçün daha yaxşı yollar tapmalıyıq, eyni zamanda, institusional fəaliyyəti və icra səmərəliliyini yaxşılaşdırmaq üzrə güclü stimullar təqdim etməliyik. Sonuncu sahə isə riskləri azaltmaqla özəl investisiyaların cəlb edilməsidir. Bildiyiniz kimi, biz bu yaxınlarda şəhərlər üçün risklərin daha çox azaldılmasını təmin etmək məqsədilə zəmanət platformamızı yenilədik. Düşünürəm ki, bu dörd sahənin hamısının mahiyyəti budur ki, biz şəhərlərin kredit qabiliyyətini yaxşılaşdırmalıyıq. Çünki şəhərlər gələcək gəlirlərini aktual cari problemlərin həllinə sərmayə qoymaq üçün istifadə etməlidirlər”, - deyə A.Rossbax çıxışını yekunlaşdırıb.

Dəyirmi masada çıxış edən digər bank və maliyyə qurumlarının nümayəndələri və rəsmiləri qeyd ediblər ki, təbiətə əsaslanan həllərin maliyyələşdirilməsi və bu cür təşəbbüslərin şəhər səviyyəsində miqyasının genişləndirilməsi təkcə karbon emissiyalarının azaldılması istiqamətində atılan addım deyil, həm də həyat keyfiyyətinin yaxşılaşdırılması üçün bir fürsətdir. Onlar hökumətləri şəhərlərdə yaşıl iş yerləri yaratmağa və şəhərlərin iqlim dəyişikliyinə davamlılığını artırmağa çağırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı