Bu əməliyyat icbari tibbi sığortaya daxildir

Diskektomiya sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır. Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir. Bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır. Sinirin sıxılması öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan implantlar da icbari tibbi sığorta ilə təmin olunur. Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə edilir.

Cari ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3 min 500-ə yaxın diskektomiya əməliyyatı icra olunub. Əməliyyatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.

Əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Əsas müayinələr maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), onurğa rentgenoqrafiyası, elektrokardioqramma (EKQ), qarın boşluğunun ultrasəs müayinəsi (USM) və sinirlərin funksionallığının qiymətləndirilməsi üçün həkim tərəfindən aparılan neyrofizioloji testləri əhatə edir. Bunlarla yanaşı, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsizdir.

Qeyd edilib ki, ixtisaslı həkim tərəfindən əməliyyat təyin edilmədən öncə konservativ müalicə üsulu tövsiyə olunur. Bunlardan biri də icbari tibbi sığorta ilə qarşılanan fizioterapiya xidmətidir.

Oturaq həyat tərzi, zədə və travmalar, fiziki yüklənmə, artıq çəki, genetik faktorlar fəqərəarası disk yırtığının yaranmasına səbəb ola bilər. Buna görə, disk yırtığının əməliyyat sonrası yenidən yaranmaması üçün qeyd olunan risk amilləri nəzərə alınmalı, həkimin tövsiyələrinə riayət olunmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı