Trampın planı dəqiqləşir - Ukrayna torpaqlarını itirəcək?

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirmək üçün yeni təkliflər irəli sürüblər. Təkliflərə əsasən, Ukraynanın ərazilərinin əhəmiyyətli hissəsinin Rusiyaya verilməsi, ölkənin NATO üzvlüyü məsələsinin dayandırılması nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu iddia Reuters nəşrində yer alıb.

Tramp seçki kampaniyası zamanı vəzifəyə gəldikdən sonra müharibəni 24 saat ərzində sona çatdıracağını iddia etsə də, bu prosesin necə həyata keçiriləcəyini izah etməmişdi. Müşavirlərinin təkliflərinə görə, müzakirələrə məcburetmə strategiyası tətbiq ediləcək. Ukraynanın danışıqları qəbul etmədiyi halda hərbi yardımların kəsilməsi, Rusiya Prezidenti Vladimir Putinin razılaşmadan imtina etdiyi halda isə yardımların artırılması təklif olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski insan resursu çatışmazlığı və ərazi itkiləri ilə üzləşdiyi bir vaxtda müzakirələrə hazır olduğunu bildirib. Lakin Zelenski ölkəsinin NATO üzvlüyündən imtina etməyəcəyini vurğulayıb və işğal altındakı torpaqları geri almaq üçün diplomatik yollar axtaracağını deyib.

Analitiklər hesab edirlər ki, Putin daha çox ərazi əldə etmək istəyindən barışıq üçün danışıqlara tələsmir. Müşahidəçilər qeyd edirlər ki, Putin Ukraynanın NATO üzvlüyündən imtina etməsi və işğal edilmiş ərazilərin Rusiyaya verilməsini əhatə edən şərtlərindən geri çəkilmək niyyətində deyil.

Hazırda Rusiya 2014-cü ildən bəri qanunsuz şəkildə ilhaq etdiyi Krım yarımadasını, Donetsk və Luhanskın böyük hissəsini, həmçinin Zaporojye və Xerson bölgələrinin əksər hissəsini nəzarətində saxlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR