Qəzza zolağında atəşkəs razılaşmasının icrasına Misir, İsrail, Qətər, Fələstin Milli Administrasiyası və ABŞ-ın nümayəndələri birgə nəzarət edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Trend xəbər verir ki, adıçəkilən dövlətlərin nümayəndələri Qəzza üzrə sazişin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək, tərəflər arasında əlaqələndirməni təmin etmək məqsədilə Sazişin İcrası üzrə Monitorinq Mərkəzində təmsil olunacaqlar. Qeyd edilir ki, müvafiq qərar sözügedən beş tərəfin Qahirədə keçirdiyi görüş zamanı qəbul olunub. Danışıqlar “müsbət atmosferdə” keçib və “bütün iştirakçılar arasında konsensusun mövcudluğunu” nümayiş etdirib.
Xatırladaq ki, cümə günü səhər saatlarında Misir Xarici İşlər Nazirliyi Qahirədə atəşkəs razılaşmasının icrasına nəzarət üçün Monitorinq Mərkəzinin yaradılacağını rəsmən açıqlamışdı.