Bakı, 8 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının uğurlu təşkilində radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi xüsusi yer tutur. Bu sahədə informasiya təhlükəsizliyin qorunması, radioelektron vasitələrin qanunsuz fəaliyyətinin aşkarlanması əsas şərtlərdəndir.
Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, efiri nəzarətdə saxlamaq üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində yeni qurulan üç stasionar məntəqə fəaliyyət göstərir. Bundan əlavə, efirdə çoxlu sayda radiotezliklər var. Kabellə işləyən radioelektron vasitələrlə yanaşı, simsiz rabitə vasitələri də mövcuddur. Radioötürücü, radiostansiya, GSM - baza stansiyaları, “Wi-Fi” və s. radiorabitə vasitələri tezliklərlə işləyir. Bunları nəzarətdə saxlamaq üçün stasionar məntəqələr qurulub və bu məntəqələr müvafiq qəbuledici avadanlıqlarla (monitorinq və pelenqasiya) - yer təyinetmə avadanlığı ilə təmin olunub. Bunun vasitəsilə efirə radionəzarət həyata keçiriləcək. Bakı və Abşeron yarımadası ərazisində qurulan Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin köməkliyi ilə 40 QHs-ə qədər olan bütün tezliklərin monitorinqi aparılıb. Bundan əlavə, həm mobil , həm də portativ qruplar yaradılıb.