Bakı, 8 iyun, AZƏRTAC
Almaniyanın “Sport1” televiziyasının saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, www.sport1.de saytında yer alan məqalədə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının azarkeşlər üçün gözəl fürsət olduğu qeyd edilib. Bildirilib ki, bu, həmçinin gözəl yay tətili ola bilər. Belə ki, bu mötəbər tədbirin keçirildiyi Bakı Xəzər dənizinin sahilində yerləşir və Qafqazın ən inkişaf etmiş şəhəridir.
Qeyd olunub ki, Avropa indiyədək öz oyunlarını keçirməyən yeganə qitə idi. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi belə bir idman tədbirinin keçirilməsi barədə qərar qəbul edib. “Bakı-2015” Avropa Oyunlarının başlanğıcıdır.
Yazıda diqqətə çatdırılıb ki, bu mötəbər idman yarışının keçirilməsi üçün Bakıda mükəmməl infrastruktur yaradılıb. Açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionu yeni tikilib və 68 min tamaşaçı tutumuna malikdir.
“Sport1” televiziyası Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərini canlı yayımlayacaq. Yarışların əsas məqamları da alman tamaşaçıların diqqətinə çatdırılacaq.
Oxucular məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:
http://www.sport1.de/europaspiele-2015/2015/06/europaspiele-2015-in-baku-alle-infos-zu-den-european-olympic-games