İsmayıllı, 9 iyun, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 9-da “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, cari ilin taxıl və ot biçini kampaniyalarının mütəşəkkil keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr”ə həsr edilən müşavirə olub.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin, fermerlərin, yerli icra strukturları nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirak etdikləri müşavirəni açan rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov “Kənd təsərrüfatı ili”ndə bölgədə aqrar sektorun, o cümlədən mühüm strateji məhsul olan taxılçılığın, eləcə də digər dənli-paxlalı bitkilərin intensiv inkişaf etdirilməsi, bu məqsədlə mövcud ehtiyatların axtarılması və onlardan səmərəli istifadə olunması istiqamətlərində görülən işlərdən danışıb.
Rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həsən Həsənov ötən il rayonda taxıl istehsalının 82 min tona çatdırıldığını bildirərək, aqrar sektora göstərilən dövlət qayğısından və mövcud potensialdan səmərəli istifadə etməklə, bu göstəricinin 100 min tonadək artırılması imkanlarından bəhs edib.
Müşavirədə Şimal-Qərb Regional Yanğın Nəzarəti İdarəsinin rəisi Qüdrət Əzimov, aqrokimya laboratoriyasının müdiri Ağarza Zülfüqarov, “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynov çıxış edərək taxılın, otun, habelə digər bitkiçilik məhsullarının optimal müddətdə və itkisiz yığılması, saxlanılması, mövcud texnikadan səmərəli istifadə olunması, yanğın təhlükəsizliyi məsələləri barədə konkret vəzifələrdən danışıblar.
Taxıl və ot biçini kampaniyalarının mütəşəkkil keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub