İmişli, 11 iyun, Mahir Babayev, AZƏRTAC
İyunun 11-də Yaponiya hökumətinin ölkəmizdə “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində reallaşdırdığı “İmişlinin Qaravəlli kəndinin suvarma sisteminin yenidən tikintisi” layihəsinin başa çatması ilə bağlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Davamlı inkişafa doğru” İctimai Birliyi arasında 2014-cü il fevralın 13-də imzalanmış qrant sazişi əsasında həyata keçirilən layihənin ümumi dəyəri 103 min ABŞ dolları təşkil edir.
Layihə kənd təsərrüfatı məhsullarının artmasına və layihə ərazisinin kifayət qədər içməli su ilə təmin olunmasına töhfə verəcək.
Qaravəlli kəndində keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, İmişli Rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və ictimaiyyət nümayəndələri kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, regionlarda sosial məsələlərin həllinə göstərilən maliyyə dəstəyinə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində İmişli rayonunda indiyədək beş layihə həyata keçirilib.