ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının ölkəmiz əleyhinə təbliğat aparması, ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarını boykot çağırışı ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Məlumat üçün bildirək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib. İndi onların öz çirkin planlarını ölkəmizə qarşı həyata keçirməsi təbii ki, susqunluqla qarşılana bilməz. Xalqın daha çox qıcıqlandığı məqam isə ölkə müxalifətinin ermənilərlə eyni mövqeni sərgiləməsidir. Xatırladaq ki, bir neçə gün öncə Müsavat Partiyası da belə kampaniyaya start verdi və xarici dövlətləri bu mötəbər yarışları boykot etməyə səslədi. Ən pisi odur ki, onlar bu cür bəyanatlara artıq neçənci dəfədir ki, qol qoyurlar. 2012-ci ildə paytaxtımızda keçirilən "Eurovision" musiqi yarışı zamanı hansı hərəkətlərə yol verdikləri hələ ki, unudulmayıb və həmin Müsavat indi də ənənəvi "yolunda" sürətlə "irəliləyir".

Təbii ki, bu cür məsələlərdə Müsavat tək deyil və AXCP həmişəki kimi ondan daha radikal addımlar atır. Xeyli vaxtdır məsələni müxtəlif aspektlərdən qabartmağa çalışan AXCP və onun ruporu olan "Azadlıq" qəzeti bunun mötəbər idman yarışları olduğunu və ölkə tarixinə qızıl hərflərlə yazıldığını unudur. Bu isə onların əsl xislətinin növbəti dəfə faş olunması deməkdir. Çünki bu kimi davranışların nəticəsində onların iqtidara, sadəcə, paxıllıq etdikləri və heç də dövləti, milləti düşünmədikləri məlum olur. Yəqin, elə buna görə də "Azadlığ"ı psevdomilli qəzet adlandırırlar. Bu mövzuda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə də düşünür ki, heç bir maraq azərbaycançılıq ideyalarından yüksəkdə dayana bilməz: "Ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatlar öz məğlubiyyətlərini etiraf etməkdən başqa bir şey deyil. Onlar ilk dəfə deyil ki, ölkəmizə qarşı belə qara kampaniyalar həyata keçirilər. İndiyə qədər hər zaman nüfuzumuza xələl gətirməyə çalışan işğalçı ölkə niyyətinə çata bilmədiyinə görə bu kimi işlərini davam etdirir. Ölkəmizin sürətli inkişafı erməniləri və onların dostlarını narahat edir. Buna görə də hər vasitəyə əl atmaqla bizə qarşı məkrli planlar həyata keçirməyə çalışırlar. Bəlkə də işğalçı xalqın nümayəndələrinin belə qısqanc münasibət göstərmələrini haradasa anlamaq olar. Çünki Azərbaycan işğaldan əziyyət çəkən ölkədir və bunun edən ölkə Ermənistandır. Amma Azərbaycan bu problemi yaşaya-yaşaya sürətlə inkişaf etməkdədir və hər zaman mötəbər tədbirlərə ev sahibliyi edir".

A.Mirzəzadə qeyd etdi ki, faktiki olaraq torpaqlarının bir hissəsi işğalda olan Azərbaycan düşmən Ermənistandan dəfələrlə çox öndə gedən dövlətdir: "Onları ən çox qıcıqlandıran budur - işğal etdikləri bir dövlət onlardan xeyli öndədir və dünyaya nə cür sürətlə inkişaf etdiyini göstərir. Hətta biz o qədər özünə güvənən bir dövlətik ki, dünya səviyyəsində mötəbər tədbirləri də keçirməyi boynumuza götürməyə qadirik. Bu, bütün dünyanın diqqətini özünə çəkmək deməkdir. Yəni işğaldan əziyyət çəkən bir dövlət nüfuzlu ölkələrdən birinə çevrilməkdədir. Prinsip etibarı ilə Ermənistan siyasi müstəvidə özünün məğlub olduğunu və Azərbaycana bütün sahələrdə, mövzularda uduzduğunu etiraf edir. Ermənistanda mövcud olan zəif dövlətçilik, zəif iqtisadiyyat bu cür tədbirlərə ev sahibliyi etməyə imkan vermir. Həmçinin idmana böyük vəsaitlər ayırmağa gücləri çatmır. Ermənistan idmançılarının Avropa Oyunlarında mühüm yerlər tutacağı inandırıcı görünmür və buna böyük şübhə var. Düşünürəm ki, onlar bunu da nəzərə alıblar və məğlubiyyətlərinə indidən siyasi don geyindirməyə başlayırlar. İstənilən halda bircə Ermənistanın mövqeyi heç nəyi dəyişmir. Onlar iştirak etməyəcəklərini açıqlasaydılar belə, Avropa Oyunları heç nə itirmir. Çünki bununla nə yarışın nüfuzuna xələl gələcək, nə də formatına, gedişinə. Avropanın qalan ölkələri, o cümlədən İsrail yarışlara böyük maraq göstərir. Hamı düşünür ki, bu oyunlar tarixi hadisədir və hər zaman ilk olaraq xatırlanacaq".

Ölkə müxalifətinin Ermənistanla eyni mövqeni bölüşməsindən də danışan millət vəkili bunda təəccüblü bir şey görmədiyini söylədi: "Ermənilərin mənfi mövqeyi müxalifətin əlinə düşən bir fürsətdir. Yarışlarla bağlı gün ərzində minlərlə xoş fikir bildirilir. Onlar bütün bunları qulaqardına vururlar. Amma bir neqativ söz eşidən kimi onu daha da şişirtməyə başlayırlar. Faktiki olaraq, Azərbaycan müxalifətinin istəyi və fəaliyyəti Ermənistanınkı ilə eyniyyət təşkil edir. Bunun özü müxalifətin mahiyyətinin, iç üzünün nə olduğunu və əmrlərin, planların haradan gəldiyini ortaya qoyur. Öz ölkəsinin adını düşmən ölkənin maraqlarına uyğun olaraq hallandıran və ləkə yaxmağa çalışan müxalifət özünü yerdən-yerə vurur. Məncə, hər bir vətəndaşımız müxalifətin bu hərəkətini qınayacaq. Heç kimə sirr deyil ki, bu gün xaricdə antiazərbaycan mərkəzləri fəaliyyət göstərir. Onlar Azərbaycanda keçirilən bu mötəbər oyunları boykot etməyə çalışırlar və bu məqsədlə ölkə müxalifətindən istifadə edirlər. Radikal müxalifət də öz dövlətini, millətini kənara qoyub onların istəyinə uyğun hərəkət edir".

Kaspi.az