İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə və Suriyanı hədəf alan açıqlamalarına Ankaradan sərt reaksiya gəlib. Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran Netanyahunun bəyanatlarını tənqid edib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Burhanettin Duran Netanyahunun Türkiyə ilə bağlı iddialarını İsrail Baş nazirinin beynəlxalq aləmdə getdikcə artan təcridinin, siyasi narahatlığının və yanlış yanaşmalarının göstəricisi kimi qiymətləndirib.

Duranın sözlərinə görə, Netanyahu daxili siyasətdə üzləşdiyi problemləri və yaxınlaşan seçkilərlə bağlı narahatlıqları ört-basdır etmək üçün Türkiyə əleyhinə ritorikadan istifadə edir. O bildirib ki, İsrail Baş naziri xəyali təhlükələr yaradaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Türkiyə rəsmisi vurğulayıb ki, beynəlxalq ictimaiyyət İsrailin bölgədə həyata keçirdiyi siyasətin nəticələrini və bunun regional sabitliyə təsirini artıq aydın şəkildə görür.

Ankara hesab edir ki, Türkiyəyə qarşı səsləndirilən ittihamların arxasında real əsaslar deyil, Ankaranın İsrailin regional siyasətinə qarşı tutduğu prinsipial mövqe dayanır.

Duran Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. O, Ankaranın təmkinli, lakin qətiyyətli diplomatik mövqeyini qoruyacağını və təxribat xarakterli açıqlamalara imkan verməyəcəyini vurğulayıb.