Özbəkistan Qarabağın bərpası prosesində bir sıra mühüm layihələr həyata keçirərək Azərbaycana ilk praktiki yardım göstərən ölkə olub.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası zamanı bildirib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan və Özbəkistan münasibətləri çox möhkəm təməl üzərində qurulub.

“Bu gün haqqında danışdığımız layihələrin hər birinin öz dəyəri var. Onların hamısı birlikdə, Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, münasibətlərimizə görünməmiş xarakter verir. Biz praktiki olaraq energetikadan, nəqliyyatdan, investisiya layihələrindən, turizmdən, dağ-mədən sənayesində əməkdaşlıqdan, avtomobil sənayesindən, kənd təsərrüfatından tutmuş emal sahəsinə qədər bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələri açarkən onların sadəcə sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu görmək üçün kifayətdir. Mən bank sektorunda əməkdaşlığı da qeyd etməyi unutdum. Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın Özbəkistanın pərakəndə ticarət bazarına çıxması, neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı layihələrdə isə artıq, prinsip etibarilə, yekun mərhələyə yaxınlaşmışıq. Ümid edirik ki, gələn il kəşfiyyat qazması və aparılan kəşfiyyat işləri yaxşı nəticələr verəcək və bundan sonra istismar quyularının qazılmasına başlayacağıq".