İran və Oman Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə müvəqqəti birgə dəniz dəhlizinin yaradılması barədə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə IRNA iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.
Razılaşmaya əsasən, tərəflər Hörmüz boğazının minalardan təmizlənməsi üzrə birgə layihə də həyata keçirəcəklər.
İran və Oman gəmilərin boğazdan keçməsi üçün daimi marşrutun müəyyənləşdirilməsi məqsədilə texniki danışıqları davam etdirmək niyyətindədir. Həmçinin boğazın gələcək idarəetmə mexanizmi, məlumat mübadiləsi, təhlükəsizlik və gəmiçilik üçün digər xidmətlərin təşkili müzakirə olunacaq. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda danışıqlar aparıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini və gəmiçilik üçün açıq olduğunu açıqlamışdı.