İran ABŞ-ın ölkəyə qarşı dəniz blokadasını gücləndirəcəyi təqdirdə hərbi cavab verəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.

Qalibafın sözlərinə görə, ABŞ blokadanı gücləndirərsə, Tehran buna hərbi əməliyyatlarla cavab verəcək. O, bunu “Mehr” agentliyinin yaydığı videomüraciətində deyib.

Parlamentin spikeri qarşıdurmanın daha da kəskinləşəcəyi halda İranın Hörmüz boğazını tamamilə bağlaya biləcəyini də bildirib.

“Əgər düşmən Fars körfəzindən neft ixrac etməyimizə mane olmaq istəyirsə, o zaman heç kim neft ixrac edə bilməyəcək”, – Qalibaf vurğulayıb.

O iddia edib ki, İran hələ də Hörmüz boğazına tam nəzarət edir. Qalibaf qeyd edib ki, ABŞ-la silahlı qarşıdurmadan əvvəl boğazdan gündə ən azı 120 gəmi keçirdi. Hazırda isə bir-iki gəminin keçməsinin belə əvvəlki vəziyyətlə müqayisə edilə bilməyəcəyini deyib.

Qalibafın sözlərinə görə, ABŞ iyunda Tehran və Vaşinqton arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək Hörmüz boğazı açılmayacaq.

Qeyd edək ki, Qalibaf ABŞ-la münaqişənin nizamlanması üzrə danışıqlarda İran nümayəndə heyətinin rəhbərlərindən biridir.