Afrikada milyonlarla il ərzində formalaşan nəhəng geoloji sistem tədricən dəyişir. Şərqi Afrika Riftində yer qabığının bir-birindən uzaqlaşması gələcəkdə qitənin coğrafi xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə, hətta yeni okeanın yaranmasına səbəb ola bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Afrika Rift sistemi Qırmızı dənizdən Mozambikə qədər təxminən 3 min kilometr uzanır. Bu ərazidə yer qabığı dartılır, nazikləşir və müxtəlif hissələr üzrə çatlayır. Proses vulkanik və seysmik aktivliklə də müşayiət olunur. Alimlər bunun gələcəkdə fəlakətə səbəb ola biləcəyini istisna etmirlər.

Mütəxəssislərin fikrincə, Afrika qitəsinin şərq hissəsinin əsas quru kütləsindən ayrılması gələcəkdə yeni okeanın yaranmasına səbəb ola bilər. Bu proses Somali plitəsinin Afrika plitəsindən tədricən uzaqlaşması ilə əlaqələndirilir. Nəticədə qitənin şərq hissəsində yeni coğrafi ərazi formalaşa bilər.

Lakin alimlər bunun yaxın illərdə və ya əsrlərdə baş verəcəyini düşünmürlər. Geoloji dəyişikliklər son dərəcə yavaş gedir və Afrikanın tam parçalanması üçün milyonlarla il tələb oluna bilər. Hazırda bölgədə müşahidə olunan proses isə Yer kürəsinin geoloji quruluşunun daim dəyişdiyini göstərən mühüm nümunələrdən biridir.

Şərqi Afrika Riftinin formalaşması ilə əlaqəli ərazilərdə Kilimancaro və Keniya dağı kimi böyük vulkanik dağlar da yerləşir.