2026-cı ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə təxminən 5 milyard ABŞ dolları həcmində birbaşa investisiya yönəldilib.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarısına dair tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə xaricə yatırılan birbaşa investisiyalar üzrə 4,4 milyard dollarlıq kəsir formalaşıb.
S.Nəsirov bildirib ki, Azərbaycanın xaricə birbaşa investisiyalarında ilk beşlikdə İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alıb.
İtaliyaya yatırılan investisiyaların əhəmiyyətli dərəcədə artmasının əsas səbəbi isə ölkənin enerji və yanacaq paylanması sektorunda fəaliyyət göstərən “Italiana Petroli” şirkətinin səhm paketinin alınması olub. Əməliyyatın dəyəri təxminən 3,2-3,3 milyard dollar təşkil edib.
Azərbaycana 3,6 milyard dollar xarici investisiya cəlb olunub
AMB rəsmisi qeyd edib ki, 2026-cı ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 3,667 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb edilib.
Əsas investor ölkələr Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İran olub. S.Nəsirovun sözlərinə görə, Azərbaycana yatırılan 3,667 milyard dollarlıq birbaşa xarici investisiyaya qarşı ölkədən 3,8 milyard dollar həcmində repatriasiya həyata keçirilib. Repatriasiyanın əsas hissəsi xam neft və təbii qaz formasında reallaşıb.
O bildirib ki, neft və qaz qiymətlərinin yüksəlməsi mənfəətin ölkə xaricinə repatriasiyasının artmasına təsir göstərir. Portfel investisiyalarından 606 milyon dollar faiz gəliri
AMB rəsmisi ilkin gəlirlər balansına da toxunaraq bildirib ki, investisiya portfelindən ölkə xaricinə çıxarılan faiz repatriasiyası üzrə 1,4 milyard dollarlıq xalis kəsir yaranıb.
Bununla yanaşı, xaricdə qiymətli kağızlara yatırılan portfel investisiyalarından əldə olunan xalis faiz gəliri 606 milyon dollar təşkil edib.
S.Nəsirov qeyd edib ki, xarici aktivlərdə portfel investisiyalarının artması gələcək dövrlərdə ölkəyə daxil olan faiz gəlirlərinin yüksəlməsinə şərait yarada bilər.
Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit
Ümumilikdə, 2026-cı ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Profisitin formalaşmasında əsas rolu xarici ticarət balansı və təkrar gəlirlər balansı oynayıb.
Eyni zamanda, hesabat dövründə kapital və maliyyə hərəkəti balansında 3 milyard dollarlıq kəsir yaranıb. Kəsirin əsas səbəbləri xalis xarici maliyyə aktivlərinin 3,3 milyard dollar, xalis xarici maliyyə öhdəliklərinin isə təxminən 300 milyon dollar artması olub.
Portfel investisiyaları üzrə öhdəliklərdə isə hesabat dövründə 2 milyard dollara yaxın azalma qeydə alınıb. Buna əsas səbəb Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində buraxılmış avroistiqrazların geri alınması əməliyyatı olub.
AMB rəsmisi bildirib ki, sözügedən əməliyyat Azərbaycanın xarici öhdəliklərinin azalmasına və iri həcmli borc öhdəliyinin icrasına imkan verib.