20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqillik tarixinin ən mühüm və qızıl hərflərlə yazılan günlərindən biridir.
Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpası ölkənin müasir tarixində xüsusi əhəmiyyət daşıyan hadisədir:
“Müstəqillik tariximizin ən vacib və qızıl hərflərlə yazılacaq günlərindən biri məhz 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Suverenliyimizin bərpası ilə bütöv Azərbaycan olduq, bayrağımız ölkəmizin bütün bölgələrində qürurla dalğalandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər tariximizdə unudulmayacaq qəhrəmanlıq salnaməsi yaratdı. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”.
Vüqar İskəndərov bildirib ki, müstəqil dövlətə sahib olmaq və xalqın öz siyasi, mədəni tarixinə və taleyinə özü qərar verməsi ən böyük milli nailiyyətlərdən biridir.
Onun sözlərinə görə, Azərbaycan xalqı tarix boyu müxtəlif siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşsə də, müstəqillik və dövlətçilik iradəsini qoruyub saxlayıb.
“Azərbaycanın yürütdüyü müstəqil siyasət bizə imkan verdi ki, torpaqlarımızı işğaldan azad edək və müstəqil siyasi iradəmizi ortaya qoyaq. Nəticə göz qabağındadır: müstəqil dövlət, müstəqil siyasət və güclü Azərbaycan”, – deputat vurğulayıb.
Vüqar İskəndərov əlavə edib ki, suverenliyin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Onun fikrincə, Konstitusiya və suverenlik anlayışları dövlətin hüquqi və siyasi əsasları ilə yanaşı, milli kimliyinin də ifadəsidir.
“Bu gün Azərbaycan xalqı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət suverenliyimiz tam təmin olunub, ərazi bütövlüyümüz bərpa edilib. Tam suverenlik şəraitində mövcud pozitiv dinamikanı qorumaq, daxili sabitliyi möhkəmləndirmək, iqtisadi inkişafı sürətləndirmək, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifələrdəndir”, – deputat bildirib.