Danimarka millisinin ulduz futbolçusu Kristian Eriksenlə bağlı gözlənilməz qərar qəbul edilib. Təcrübəli yarımmüdafiəçi Almaniyanın “Volfsburq” klubu ilə müqaviləsini vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədə olmalı idi. Lakin Eriksenin səhhəti ilə bağlı yaşadığı problemlərdən sonra tərəflər əməkdaşlığı vaxtından əvvəl başa çatdırmaq qərarına gəliblər.
Eriksen açıqlamasında hazırda Danimarkadakı ailəsinə yaxın olmağın onun üçün vacib olduğunu bildirib. O, “Volfsburq”da keçirdiyi dövrün müxtəlif çətinliklərlə yadda qaldığını deyərək, tərəflərin qarşılıqlı anlaşma əsasında razılığa gəlməsindən məmnunluğunu ifadə edib.
Danimarkalı futbolçunun səhhəti ilə bağlı narahatlıq bir neçə ay əvvəl yenidən gündəmə gəlmişdi. İyunda Danimarka ilə Ukrayna arasında keçirilən yoldaşlıq görüşünün 65-ci dəqiqəsində Eriksen sinəsini tutaraq yerə yıxılmış və qarşılaşma yarımçıq dayandırılmışdı.
Eriksen 2020-ci ildə keçirilən Avropa çempionatında da Danimarkanın Finlandiya ilə oyununda meydanda huşunu itirərək yerə yıxılmışdı. Həmin vaxt futbolçuya uzun müddət tibbi yardım göstərilmiş, ürək masajı və defibrilyator tətbiq edilmişdi. Sonradan onun ürək tutması keçirdiyi açıqlanmışdı.
Bu hadisədən sonra Eriksen karyerasını davam etdirə bilmək üçün xüsusi tibbi cihazla futbol oynamağa başlamışdı. “Volfsburq”la yolların ayrılması isə 34 yaşlı yarımmüdafiəçinin bundan sonrakı karyerası ilə bağlı suallar yaradıb.