Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı Azərbaycanın siyasi həyatında mühüm bir mərhələyə təsadüf edir. Bu toplantını yalnız bir siyasi partiyanın fəaliyyətinə dair qərarların qəbul edildiyi ali məclis kimi dəyərləndirmək doğru deyil. Qurultay, eyni zamanda, Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan yeni siyasi, iqtisadi və geosiyasi vəzifələrin müzakirəsi baxımından diqqətçəkən platformadır.

Metbuat.az xatırladır kı, YAP 1992-ci ildə Azərbaycanın olduqca mürəkkəb siyasi sınaqlarla üz-üzə qaldığı bir vaxtda təsis edildi. Müstəqilliyin ilk illərində ölkədə siyasi qarşıdurma, iqtisadi böhran və idarəetmə problemləri ciddi narahatlıq doğururdu. Dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və cəmiyyətin vahid məqsədlər ətrafında səfərbər olunması əsas məsələlər sırasında idi.

Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının meydana çıxması ölkənin siyasi həyatında mühüm hadisə idi. Partiyanın təşkilatlanmasında Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsi, dövlətçilik baxışları və Azərbaycanın gələcəyi ilə bağlı konseptual yanaşmaları mühüm rol oynadı.

Heydər Əliyevin YAP qarşısında müəyyənləşdirdiyi siyasi xətt yalnız həmin dövrün problemlərinin həllinə hesablanmamışdı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birlik, siyasi sabitlik və Azərbaycanın müstəqil dövlət kimi mövqelərinin gücləndirilməsi uzunmüddətli strategiyanın əsas dayaqları sırasında yer alırdı.

Məhz bu baxımdan YAP-ın tarixini yalnız ayrı-ayrı siyasi hadisələr və partiya fəaliyyəti çərçivəsində nəzərdən keçirmək doğru olmaz. Bu siyasi təşkilatın keçdiyi yol müasir Azərbaycanın dövlətçilik və siyasi inkişaf tarixi ilə sıx bağlıdır.

2003-cü ildən etibarən həmin siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və miqyas qazandı. Bu illər ərzində Azərbaycanın iqtisadi imkanları genişləndi, enerji siyasətində mühüm layihələr həyata keçirildi, nəqliyyat və kommunikasiya infrastrukturu yeniləndi, müdafiə potensialı gücləndirildi, beynəlxalq əlaqələrin coğrafiyası genişləndi.

Burada mühüm məqam ondan ibarətdir ki, siyasi sabitlik və iqtisadi imkanlar sonrakı mərhələdə Azərbaycanın qarşısında daha böyük hədəflər üçün əlverişli zəmin formalaşdırdı. Məsələ artıq yalnız iqtisadi inkişaf göstəriciləri ilə məhdudlaşmırdı. Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmləndirilməsi də strateji prioritetlərdən birinə çevrilmişdi.

2020-ci ilin Vətən müharibəsi isə bu uzunmüddətli prosesin ən mühüm nəticələrindən biri kimi Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 44 günlük müharibədə qazanılan Zəfər ölkənin siyasi və geosiyasi mövqeyinə ciddi təsir göstərdi. Ardınca Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq proqramlarına start verildi.

Hazırda qarşıda daha fərqli miqyasda vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni şəhər və kəndlərin salınması, regionun iqtisadi potensialının üzə çıxarılması və Böyük Qayıdış prosesinin davamlı xarakter alması uzunmüddətli və sistemli yanaşma tələb edir.

Bu mərhələdə YAP-ın siyasi gündəliyi də yeni məzmun qazanır. Əvvəlki dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunması və iqtisadi inkişaf əsas prioritetlər sırasında idisə, Zəfərdən sonrakı mərhələdə daha geniş və mürəkkəb hədəflər ön plana keçir.

Bu hədəflərin bir qismi ölkə daxilində gedən proseslərlə, digər qismi isə Azərbaycanın dəyişən regional və beynəlxalq mövqeyi ilə əlaqəlidir.

Azərbaycan artıq Cənubi Qafqazda gedən proseslərin yalnız iştirakçısı deyil. Ölkənin enerji, nəqliyyat və kommunikasiya layihələrində artan rolu, regionda formalaşan yeni reallıqlar, eləcə də Türk dünyası ilə əlaqələrin genişlənməsi Azərbaycanın geosiyasi çəkisini artıran əsas amillərdəndir.

Bu baxımdan “geopolitik zirvə” anlayışına yalnız xarici siyasət prizmasından yanaşmaq doğru olmaz. Burada söhbət iqtisadi imkanların, hərbi potensialın, siyasi sabitliyin və diplomatik təsirin bir-birini tamamladığı daha geniş mənzərədən gedir.

YAP-ın VIII qurultayını da məhz bu kontekstdə nəzərdən keçirmək daha məqsədəuyğundur.

34 illik siyasi fəaliyyətdən sonra partiyanın qarşısında artıq fərqli miqyasda vəzifələr dayanır. Yeni dövr yalnız əldə olunan nəticələrin qorunmasını deyil, həmin nailiyyətlərin siyasi, iqtisadi və sosial imkanlara çevrilməsini də tələb edir.

Bu mənada VIII qurultay həm keçilmiş yola nəzər salmaq, həm də qarşıdakı illər üçün siyasi xəttin əsas konturlarını müəyyənləşdirmək baxımından diqqət çəkir.

YAP-ın siyasi tarixində iki əsas mərhələ xüsusilə seçilir: Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin formalaşması və İlham Əliyevin rəhbərliyi ilə həmin kursun yeni çağırışlara uyğun şəkildə davam etdirilməsi. Birinci mərhələdə əsas məsələ dövlətin siyasi əsaslarının möhkəmləndirilməsi idisə, sonrakı illərdə həmin təməl üzərində Azərbaycanın regional və beynəlxalq imkanlarının genişləndirilməsi ön plana çıxdı.

Zəfər isə bu siyasi kursun qarşısında yeni üfüqlər açdı.

Bu gün YAP qarşısında dayanan əsas vəzifələrdən biri də məhz Zəfərdən sonra formalaşmış reallıqları yeni siyasi və sosial gündəliyin əsas elementlərinə çevirməkdir.

VIII qurultayın mahiyyəti də müəyyən mənada burada üzə çıxır.

Yeni dövrün Yeni Azərbaycan Partiyası artıq yalnız keçmiş siyasi təcrübəyə söykənən təşkilat deyil. Qarşıda Zəfərdən sonrakı Azərbaycanın quruculuğu, Böyük Qayıdış, iqtisadi transformasiya, yeni regional reallıqlar və dəyişən dünya nizamı kimi daha mürəkkəb məsələlər dayanır.

Bu baxımdan YAP-ın VIII qurultayını Azərbaycanın yeni siyasi mərhələsinin mühüm göstəricilərindən biri kimi nəzərdən keçirmək mümkündür. Çünki hər bir siyasi təşkilatın gücü yalnız keçmişdə əldə etdiyi nəticələrlə deyil, qarşıdakı dövrün çağırışlarını necə dərk etməsi və həmin çağırışlara hansı siyasi cavabları formalaşdırması ilə də müəyyənləşir.

Yeni dövrün YAP-ı üçün əsas məsələ də məhz budur: Zəfərlə başa çatan mərhələnin siyasi nəticələrini qorumaqla yanaşı, yeni Azərbaycanın siyasi, iqtisadi və geosiyasi gələcəyinə uyğun gündəliyi formalaşdırmaq.