Gələn il Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir.
Metbuat.az xəbər verir ki, bunu iqtisadçı alim, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstəriş verildiyini açıqlayıb.
Deputatın sözlərinə görə, artım yalnız minimum əməkhaqqı alanları əhatə etməyəcək. Vahid Tarif Cədvəli (VTC) üzrə əməkhaqlarının da artırılması gözlənilir.
V.Bayramov qeyd edib ki, VTC-də maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda aylıq tarif maaşları 400-1150 manat arasında dəyişir. Minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə əməkhaqlarına təsir göstərə bilər.
Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən və dövlət qulluqçusu statusu olmayan işçilərin, o cümlədən sosial, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə çalışanların maaşlarında da artım gözlənilir.
Deputat əlavə edib ki, yeni maaş məbləğləri minimum əməkhaqqının artırılmasından sonra Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Müəllim və həkimlərin əməkhaqları üzrə artımlar isə tətbiq olunan ayrıca maaş sistemləri nəzərə alınmaqla müəyyənləşdiriləcək.