“Lixtenşteynlə heç-heçə etdiyimiz oyun futbolçularımızı çox üzmüşdü, amma bugünkü oyuna görə sevinirik”.
Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D2 qrupunda “Litva” ilə keçirilən matçdan sonra mətbuat konfransında deyib.
O bildirib ki, qarşıdakı dörd oyunun çətin keçəcəyini bilirdilər:
“Bilirdik ki, bu 4 oyun çətin olacaq. Əsas odur ki, zədəmiz olmadı və heç birində məğlubiyyətimiz olmadı. Bu gün gənc futbolçular ilk dəfə oynadılar, təcrübəli oyunçular özlərini göstərə bildilər. Bu, gələcək üçün ümiddir. Növbəti oyunlarımızı da uğurla başa vurmağı ümid edirəm.
Çatışmayan cəhətlərimiz də var. İkinci qolu vura bilərdik. Biz əvvəllər heç cərimə meydançasına çata bilmirdik, amma indi isə cərimə meydançasında topları itiririk. Bunların da zamanla düzələcəyini ümid edirik.
Gənc futbolçularımıza biz güvənməsək, onları oyuna salmasaq, onlar harada oynayacaqlar? Keçən oyun imkan vermirdilər ki, tempi yüksəldək, amma bu gün rəqib həqiqətən tempi yüksək tutdu”.
Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.